Gənclər niyə evlənmək istəmir? - PSİXOLOQ AÇIQLADI

22 İyun 2026 14:35 (UTC+04:00)

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11422 nikaha daxilolma və 6443 boşanma halları qeydə alınıb.bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.“2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb. Bəs, gənclər niyə evlənmir?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, son vaxtlar gənclər arasında aparılan sorğular göstərir ki, onların bir qismi ümumiyyətlə evlənmək istəmir, bir qismi ailə qurmağı daha gec yaşlara təxirə salır, digərləri isə övlad sahibi olmaq istəmir:

"Düşünürəm ki, burada sosial şəbəkələrdən əldə etdikləri məlumatlar və gördükləri həyat tərzi müəyyən rol oynayır. Eyni zamanda, karyera baxımından arzuladıqları uğurları əldə edə bilməmələri, yaxud əvvəlcə karyera qurmağa üstünlük vermələri də bu qərarlara təsir edir. Bəzi hallarda isə insanlar zaman keçdikcə anlayırlar ki, müəyyən bir mərhələyə çatmalı, ailə saxlamalı və bununla bağlı iqtisadi və psixoloji məsuliyyətləri daşımalıdırlar. Gənclərlə işləyən bir psixoloq kimi deyə bilərəm ki, onların əksəriyyətinin sosial narahatlıqları olmaqla yanaşı, azadlıqlarını itirmək qorxusu da var. Çox vaxt belə fikirlərlə müraciət edirlər: “Ciddi münasibət qurmayım, gələcəkdə ailə həyatı qurmağa məcbur olmayım. Bu mənim üçün daha rahat və təhlükəsizdir.”

Bugünkü gənclər sosial şəbəkələrdə gördükləri həyat səviyyəsinə çata bilməyəcəklərini və ya həmin həyatı yaşaya bilməyəcəklərini düşünürlər. Buna görə də ailə qurmamağın daha uyğun seçim olduğunu hesab edirlər. Bundan əlavə, həyatın çətinlikləri və şəxsi yetkinlik səviyyəsi də mühüm rol oynayır. İnsanların şəxsiyyət kimi formalaşması və yetkinləşməsi ailə qurmaq qərarına birbaşa təsir göstərir.

Bir çox gənc ailə qurmağı gec yaşlara saxlayır. Onlar əvvəlcə karyera qurmaq, maddi sabitlik əldə etmək istəyirlər və buna nail olmadan ailə həyatı qurmağa hazır olmadıqlarını düşünürlər. Lakin bu proses uzun müddət apardıqda, zaman keçdikcə ailə qurmaq həvəsi və motivasiyası da zəifləyə bilir".