“Qanunvericiliyimiz 15 yaşına çatmayan azyaşlıların əmək fəaliyyəti ilə məşğul olmasına isə ümumiyyətlə icazə vermir. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir”.
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, yay tətili uşaqlar üçün yalnız dincəlmək və əylənmək vaxtı deyil, həm də məsuliyyət, zəhmət və həyat təcrübəsi qazanmaq üçün bir fürsət kimi qiymətləndirilə bilər:
”Bəziləri bu dövrü istirahət və əyləncə vaxtı kimi qəbul etsə də, digərləri bunun həm də uşaqlara əmək vərdişləri aşılamaq, həyat təcrübəsi qazandırmaq üçün bir fürsət olduğunu düşünür. Xüsusilə də yay aylarında bəzi ailələr övladlarının könüllü və ya sadə işlərdə çalışmasına razılıq verir. Lakin bu mövzu cəmiyyətdə birmənalı qarşılanmır və həm sosial, həm də hüquqi baxımdan müzakirələr doğurur. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır:
Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Tətil, istirahət və bayram günlərinin müxtəlif yerlərdə mənalı keçirilməsi uşaqlarda xoş təəssürat, yüksək əhvali-ruhiyyə yaradır, onların yaddaşında unudulmaz xatirə kimi uzun müddət qalır. Səmərəli istirahət zamanı uşaqda hisslərin inkişafı, emosiyaların zənginləşməsi prosesi gedir, onlarda müəyyən qədər sərbəstlik, özünə inam və güvən hissləri formalaşdırır.
Uşaqların əmək fəaliyyətinə cəlb olunması isə Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən, 15 yaşına çatmamış şəxsləri işə götürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilirlər:
Əmək qanunvericiliyi üzrə işçi statusu yalnız 15 yaşı tamam olmuş şəxslər üçün əldə edilir. Konstitusiyanın 17-ci maddəsinə əsasən, uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına töhlükə törədə bilən fəaliyyətə cəlb edilmələri qadağan olunur, həmçinin 15 yaşına çatmamış uşaqlar onların təhsilinə, yaşayış tərzinə və sağlamlığına təsir edə biləcək işlərlə məşğul ola bilməzlər. Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən, 15 yaşına çatmamış şəxsləri işə götürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilirlər.
Qanunda eyni zamanda azyaşlıları işə cəlb edənlərin məsuliyyət daşıdığı da bildirilir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanır və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Əmək Məcəlləsinin 38-ci fəslində tənzimlənən əmək münasibətləri 15-18 yaş aralığı işçilərə şamil edilir. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır.
Bundan başqa uşaqların məcburi əməyə cəlb edilməsi cinayət hesab edilir və Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsinə görə, hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".