"Azərbaycan İslam dünyasında mühüm iqtisadi aktora çevrilir" - POLİTOLOQ DANIŞDI

22 İyun 2026 14:07 (UTC+04:00)

"Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi və tədbirin açılış mərasimində Prezident İlham Əliyevin iştirakı Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq platformalarında artan rolunun növbəti göstəricisi kimi qiymətləndirilə bilər. Dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrinin, maliyyə institutlarının rəhbərlərinin və investorların bir araya gəldiyi bu tədbir həm maliyyə gündəliyi baxımından, həm də Azərbaycanın regional və qlobal iqtisadi proseslərdəki mövqeyinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır".

Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən siyasət beynəlxalq maliyyə qurumlarının da diqqətini cəlb edir:

"İslam İnkişaf Bankı ilə əməkdaşlığın uzun illərə söykənməsi və bu qurumun Azərbaycanda müxtəlif infrastruktur, sosial və iqtisadi layihələrə dəstək verməsi tərəflər arasında formalaşmış etibarlı tərəfdaşlığın göstəricisidir. Ölkəmizin belə nüfuzlu toplantıya ev sahibliyi etməsi isə ölkənin İslam dünyasının iqtisadi əməkdaşlıq məkanında mühüm aktorlardan birinə çevrildiyini nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlardan biri Azərbaycanın dayanıqlı iqtisadi inkişaf modelidir. Qlobal iqtisadi qeyri-müəyyənliklərin və geosiyasi risklərin artdığı bir dövrdə ölkənin maliyyə sabitliyini qoruması, strateji valyuta ehtiyatlarını artırması və xarici borcun aşağı səviyyədə saxlanılması beynəlxalq tərəfdaşlar üçün mühüm siqnal hesab olunur. Bu amillər Azərbaycanı investisiyalar üçün daha cəlbedici məkana çevirir və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın dərinləşməsinə şərait yaradır.

Tədbirdə diqqət çəkən digər mühüm istiqamət Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma proqramları ilə bağlı oldu. Azərbaycanın azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyaları əsasında həyata keçirdiyi layihələr beynəlxalq maliyyə qurumları üçün də yeni əməkdaşlıq imkanları yaradır. Bu baxımdan İslam İnkişaf Bankı və ona üzv ölkələrin gələcəkdə regionda reallaşdırılan layihələrdə daha fəal iştirak etməsi ehtimalı yüksək görünür.

Bununla yanaşı, toplantının Bakıda keçirilməsi Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat və logistika mərkəzi kimi mövqeyini də ön plana çıxarır. Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutlarının aktuallaşdığı bir dövrdə ölkənin tranzit potensialı iqtisadi əməkdaşlıq gündəliyində xüsusi yer tutur.

Ümumilikdə, İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakıda keçirilməsi Azərbaycanın iqtisadi nailiyyətlərinin beynəlxalq auditoriyaya təqdim olunması, yeni investisiya və tərəfdaşlıq imkanlarının müzakirəsi, həmçinin ölkənin İslam dünyasında artan nüfuzunun nümayiş etdirilməsi baxımından mühüm siyasi və iqtisadi hadisə kimi qiymətləndirilə bilər".