“Əməkdaşlıq iki ölkənin deyil, regionun inkişafına xidmət edəcəkdir” - EKSPERT DANIŞDI

22 İyun 2026 13:54 (UTC+04:00)

“Azərbaycan və Türkiyə arasında münasibətlər tarixi, mədəni və mənəvi baxımdan dərin köklərə malik olan, “bir millət, iki dövlət” prinsipi üzərində formalaşmış qardaşlıq münasibətləridir. Bu əlaqələr təkcə siyasi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda iqtisadi, ticarət, enerji, nəqliyyat və logistika sahələrində də sürətlə inkişaf edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir”.
Bu sözləri SİA -ya açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Türkiyə xalqları eyni kökdən gələn, ortaq tarixə, dilə, mədəniyyətə və dəyərlərə sahib olan xalqlardır:

” Bu yaxınlıq dövlətlərarası münasibətlərin daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır. Məhz bu səbəbdən iki ölkə arasında mövcud olan əməkdaşlıq modeli dünyada nadir nümunələrdən biri kimi qəbul edilir.

Xüsusilə logistika və keçid sahəsində əməkdaşlığın daha da genişləndirilməsi böyük əhəmiyyət daşıyır. Müasir dövrdə beynəlxalq ticarət və iqtisadi əlaqələrdə sürət, çeviklik və səmərəlilik əsas amillərdən biridir. Bu baxımdan Azərbaycan–Türkiyə arasında daşımaların daha rahat, daha sürətli və daha elastik şəkildə həyata keçirilməsi həm regionun iqtisadi inkişafına, həm də ümumi rifaha mühüm töhfə verə bilər.

Artıq elə bir mərhələyə gəlib çatmaq lazımdır ki, iki ölkə arasında iqtisadi münasibətlərdə süni maneələr, bürokratik əngəllər minimuma endirilsin. Ticarət dövriyyəsi, investisiya axını və biznes əlaqələri daha da sadələşdirilmiş qaydalarla həyata keçirilməli, qarşılıqlı olaraq iqtisadi imkanlardan maksimum istifadə olunmalıdır. Bu, həm sahibkarlar üçün əlverişli mühit yaradacaq, həm də regionda iqtisadi inteqrasiyanı gücləndirəcəkdir.

Eyni zamanda, tarif siyasətində qarşılıqlı yanaşmaların daha da uyğunlaşdırılması vacibdir. Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərdə daha liberal və çevik mexanizmlərin tətbiqi, strateji tərəfdaşlığın mahiyyətinə uyğun olaraq, ticarətin daha sərbəst və əlçatan olmasına xidmət edəcəkdir. Bu istiqamətdə atılacaq addımlar hər iki ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, ortaq bazarın formalaşmasına da şərait yarada bilər.

Bütün bunların həyata keçirilməsi üçün həm siyasi iradə, həm də institusional təşəbbüslər mövcuddur. İki ölkənin rəhbərlikləri arasında mövcud olan yüksək səviyyəli münasibətlər bu prosesin daha da sürətlənməsinə imkan yaradır. Eyni zamanda, biznes dairələri və ictimaiyyət də bu inteqrasiyanı dəstəkləyir və onun real nəticələr verməsini gözləyir.

Azərbaycan və Türkiyə arasında iqtisadi, ticarət və logistika sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi, münasibətlərin ən yüksək səviyyəyə çatdırılması strateji hədəf kimi qarşıya qoyulmalıdır. Bu əməkdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə regionun inkişafına, sabitliyinə və rifahına xidmət edəcəkdir”.