“Azərbaycan öz müasirliyini, mədəniyyətini və milli kimliyini qoruyub saxlaya bilir” - FAZİL MUSTAFA

22 İyun 2026 12:37 (UTC+04:00)

“Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən qadın hüquqlarının təmin olunmasının əsas hüquqi təminatçısıdır. Bu dəyərlər dövlətimizin və cəmiyyətimizin inkişafının mühüm dayaqlarından biridir. Bəzən regionun bəzi ölkələrində və ya müəyyən qruplar arasında qadının cəmiyyətdəki roluna fərqli yanaşmalar müşahidə olunur. Lakin Azərbaycan bu məsələdə özünəməxsus və mütərəqqi mövqeyi ilə seçilir”.
SİA xəbər verir ki bu sözləri, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin Məzun Günündə deyib.

Onun sözlərinə görə , biz qonşu ölkələrin təcrübəsinə nəzər saldıqda da görürük ki, Azərbaycanda qadına verilən dəyər, onun təhsilə, ictimai həyata və qərarvermə proseslərinə cəlb olunması cəmiyyətimizin ən mühüm üstünlüklərindən biridir:

”Təhsil alan, savadlı və dünyagörüşlü Azərbaycan qadını ölkənin gələcəyini müəyyən edən əsas amillərdən biridir. Çünki ailənin formalaşmasında, yeni nəslin tərbiyəsində və milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında qadının rolu əvəzsizdir.

Bu gün məktəblərimizdə, ali təhsil müəssisələrimizdə, dövlət idarəçiliyində, elm, mədəniyyət və digər sahələrdə qadınların uğurlu fəaliyyəti bunun bariz nümunəsidir. Artıq cəmiyyətimiz qadının fəal iştirakını təkcə bir hüquq məsələsi kimi deyil, həm də inkişafın və tərəqqinin vacib şərti kimi qəbul edir.

Məhz bu yanaşma sayəsində Azərbaycan öz müasirliyini, mədəniyyətini və milli kimliyini qoruyub saxlaya bilir. Qədim ənənələrə sadiq qalmaqla yanaşı, müasir dünyanın çağırışlarına cavab verən cəmiyyət qurmaq imkanına malik olmuşuq. Bu baxımdan qadınların təhsili, ictimai fəallığı və cəmiyyət həyatında iştirakı gələcəyimizin ən mühüm təminatlarından biridir.”