Qətərin ən böyük qaz terminalında partlayış baş verib

22 İyun 2026 12:30 (UTC+04:00)

Qətərin əsas təbii qaz ixrac terminalında, İranla müharibə zamanı baş verən hücumlardan sonra əməliyyatların bərpası üçün aparılan işlər zamanı partlayış baş verib. Nəticədə azı 54 nəfər xəsarət alıb, 18 nəfər isə itkin düşüb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, partlayış Ras Laffan sənaye zonasında qeydə alınıb. Hadisə Qətərin qlobal enerji bazarlarında mühüm roluna görə əlavə narahatlıq yaradıb. İranın Hörmüz boğazında yaranan məhdudiyyətlər səbəbindən tədarükdə fasilələr yaranmışdı və bu səbəbdən terminalın yenidən işə salınması üçün işlər görülürdü.

Qətər rəsmilərinin məlumatına görə, Barzan qaz müəssisəsində aparılan texniki işlər zamanı partlayış və ardınca yanğın baş verib. Ziyanın miqyası hələ tam müəyyən edilməyib.

Barzan zavodu gündə təxminən 1,4 milyard standart kub fut qaz istehsal gücünə malikdir və əsasən daxili enerji istehsalı və duzsuzlaşdırma sistemlərini təmin edir.

Zavodun böyük hissəsi Qətərə məxsusdur, kiçik pay isə ExxonMobil şirkətinə aiddir.

Lətifə Abdıyeva