642 bal toplayan məzun: Hüquqşünas olmaq istəyirəm

22 İyun 2026 11:44 (UTC+04:00)

“Qəbul imtahanında 642 bal toplamışam. Hər gün bütün fənlərə ən azı bir saat vaxt ayırır, zəif olduğum fənlərə isə daha çox diqqət yetirirdim”.

Bu fikirləri SİA-ya açıqlamasında Qubadlı rayon Xələc tam orta məktəbinin məzunu Eltun Hadili deyib.

O bildirib ki, bu uğurun qazanılmasında valideynlərinin dəstəyi və motivasiyası mühüm rol oynayıb:

“Valideynlərim hər zaman mənə inanır, bacaracağıma güvəndiklərini deyirdilər. İmtahanda demək olar ki, bütün fənlərdən 90 faizdən yuxarı nəticə göstərmişəm. Dərsləri əzbərləməyə deyil, mövzuları dərindən qavramağa üstünlük vermişəm. Məhz bu metod mənə yüksək nəticə əldə etməyə kömək edib”.

Gələcəkdə hüquqşünas olmaq istədiyini qeyd edən Eltun Hadili abituriyentlərə də tövsiyələrini verib:

“Abituriyentlərə məsləhətim odur ki, özləri üçün gündəlik plan hazırlasınlar, yuxu rejiminə ciddi əməl etsinlər və sosial şəbəkələrə sərf etdikləri vaxtı minimuma endirsinlər. Uğurun əsas açarı nizam-intizam və davamlı çalışmaqdır”.

Ayşən Vəli