Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli 2025–2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının gedişi ilə tanış olub.
SİA xəbər verir ki, rektor əvvəlcə Stomatologiya fakültəsinin buraxılış kursu tələbələri üçün Uşaq Stomatologiyası fənni üzrə Tədris Stomatoloji Klinikasının Tədris Mərkəzində klinik bacarıqların qiymətləndirilməsi məqsədilə təşkil olunmuş yekun imtahan prosesini izləyib.
İmtahan zamanı tələbələrin nəzəri biliklərinin və praktik vərdişlərinin qiymətləndirilməsi mərhələləri ilə yaxından tanış olan professor Gəray Gəraybəyli imtahanın təşkili və keçirilməsi barədə tələbələrin fikirlərini də dinləyib.
Daha sonra rektor universitetin 5 saylı Tədris korpusunda yerləşən imtahan zalına baş çəkərək müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr üçün test üsulu ilə təşkil olunmuş imtahanların gedişini müşahidə edib.
Professor Gəray Gəraybəyli imtahan prosesinin şəffaf, obyektiv və mövcud normativ tələblərə uyğun şəkildə təşkil olunduğunu qeyd edib.