“Onlar dövlətçiliyini quran, qüdrətli bir ölkəyə çevrilən Azərbaycanı gördülər” - ŞƏRH

19 İyun 2026 16:48 (UTC+04:00)

“Cənab Prezidentin İslam İnkişaf Bankı Qrupunun illik toplantısındakı çıxışı həm Azərbaycanla bu təşkilat arasında olan əlaqələrin xarakterini ifadə edir, həm də Azərbaycan qarşısında duran məsələlər barədə toplantı iştirakçılarını məlumatlandırmaq məqsədi daşıyırdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə iştirakçılar öz gücünə arxalanaraq dövlətçiliyini quran, qüdrətli bir ölkəyə çevrilən Azərbaycanı gördülər:

“Doğrudan da, bu gün Azərbaycan artıq regional ölkə çərçivəsindən çıxaraq dünyada tanınan, səsi eşidilən və beynəlxalq layihələrdə fəal iştirak edən bir dövlətə çevrilib. Cənab Prezident çıxışında Azərbaycanın qonşu dövlətlərlə yaxşı münasibətlər quran bir ölkə olduğunu da vurğuladı.

Bu, həm iqtisadi, həm siyasi, həm də humanitar əlaqələrə aid olan bir məsələdir. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda fəal iştirak edir, digər ölkələrlə beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlığa böyük önəm verir və bundan sonra da dünyada əmin-amanlığın təmin olunmasına, ikitərəfli və səmərəli əlaqələrin qurulmasına xüsusi əhəmiyyət verəcək”.