Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxslər açıqlanıb - QURUMDAN AÇIQLAMA

19 İyun 2026 16:46 (UTC+04:00)

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının ölüm gününədək ümumilikdə ən azı 5 il sığorta stajı olduğu və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı topladığı hallarda onun ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranır.

Bu barədə SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna 18 yaşına çatmamış övladlar, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşdan yuxarı əlilliyi olan övladlar, eləcə də təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar (23 yaşınadək) malikdirlər.

Həmçinin ailə başçısının atası, anası, əri və ya arvadı qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda və ya onlara orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlillik təyin edildikdə də həmin hüquq yaranır.

Fondun məlumatına görə, vəfat etmiş və ya həlak olmuş şəxsin 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və nəvələrinə baxan, işləməyən valideynlərdən biri, ər (arvad), baba, nənə, qardaş və ya bacı da yaşından və əmək qabiliyyətindən asılı olmayaraq ailə başçısını itirməyə görə əmək pensiyası ala bilər.