“Prezidentin çıxışı tarixi ədalətin bərpası və məsuliyyət mesajı kimi dəyərləndirilir” - POLİTOLOQ DANIŞDI

19 İyun 2026 16:38 (UTC+04:00)

“Cənab Prezidentin çıxışı həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərə verilən mühüm mesajlar baxımından xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz ki, Ermənistanın işğalçı qüvvələri və həmin dövrdə formalaşmış separatçı rejim Azərbaycan xalqına qarşı misli görünməmiş cinayətlər törədib, hətta soyqırımı xarakterli əməllər həyata keçirib. 1990-cı illərin mürəkkəb siyasi şəraitindən istifadə edən işğalçı qüvvələr Azərbaycan torpaqlarına və xalqına qarşı son dərəcə amansız davranıblar”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanla Ermənistan arasında sülh prosesi davam edir, delimitasiya və demarkasiya istiqamətində iş aparılır, yüksək səviyyəli görüşlər keçirilir:

”Lakin bu, baş vermiş hadisələrin unudulması və ya tarixi yaddaşdan silinməsi anlamına gəlmir. Əksinə, keçmişdə yaşananlar daim xatırlanmalı və düzgün qiymətləndirilməlidir. Çünki Azərbaycan xalqı bundan əvvəl də, o cümlədən 1918-ci ildə və daha əvvəlki dövrlərdə erməni silahlı dəstələrinin törətdiyi faciələrin şahidi olub.

Mən hesab edirəm ki, cənab Prezident çıxışında daha çox keçmiş işğalçı hakimiyyətin nümayəndələrinə – Robert Köçəryan, Serj Sarkisyan və Qarabağ klanının digər üzvlərinə mesaj ünvanlayıb. Bəziləri bu fikirləri hazırkı Ermənistan rəhbərliyinə yönəlmiş çağırış kimi qiymətləndirə bilər. Lakin mən bunun daha çox keçmişdə törədilmiş cinayətlərə və onların məsul şəxslərinə aid olduğunu düşünürəm.

Azərbaycan hər zaman sülhün və ədalətin tərəfdarı olduğunu nümayiş etdirib. Eyni zamanda, törədilmiş cinayətlərin hüquqi qiymət alması məsələsi də gündəmdə qalır. Bu baxımdan hesab edirəm ki, gec-tez ədalət öz yerini tapacaq.

Bu gün Ermənistanda da keçmiş hakimiyyət nümayəndələri və Qarabağ klanı ilə bağlı hüquqi proseslərin aktivləşdiyi müşahidə olunur. Mən düşünürəm ki, həmin şəxslər gec-tez hüquqi məsuliyyətə cəlb olunacaq və obyektiv araşdırma aparılacaq. Belə bir proses baş verərsə, Azərbaycanın müvafiq qurumlarının, hüquq müdafiəçilərinin və digər nümayəndələrinin də prosesdə iştirak etməsi mümkündür.

Bu baxımdan cənab Prezidentin çıxışını həm tarixi həqiqətlərin növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, həm də gələcək hüquqi-siyasi proseslərə verilən mühüm mesaj kimi qiymətləndirmək olar”.