“Bu, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir” - ŞƏRH

19 İyun 2026 16:10 (UTC+04:00)

“Son illər Azərbaycan beynəlxalq, qlobal layihələrə ev sahibliyi edir. Bu, əlbəttə, xalq olaraq bizi hədsiz sevindirir. Çünki ölkəmiz iqtisadi baxımdan güclənib, dünyadakı yerini möhkəmləndirib. İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci illik toplantısının da Bakıda keçirilməsi bu inkişafın bariz göstəricisidir. Yüksəksəviyyəli dövlət rəsmilərinin, üzv ölkələrin maliyyə, iqtisadiyyat, planlaşdırma, inkişaf və investisiya nazirlərinin, beynəlxalq və regional maliyyə institutlarının rəhbərlərinin və özəl sektor nümayəndələrinin iştirak etdikləri toplantıda əsas hədəf “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusu olmuş, toplantı çərçivəsində İİB Qrupuna üzv olan 57 ölkə arasında iqtisadi əməkdaşlıq, davamlı inkişafın gücləndirilməsi istiqamətində müzakirələr, yüksəksəviyyəli dialoqlar aparılıb, sahibkarlıq subyektlərinin və KOB-ların dəstəklənməsi, eləcə də üzv ölkələrin iqtisadiyyatlarında innovasiyayönümlü inkişafın təşviqi ictimai zəmin kimi diqqət çəkib”. Bu sözləri SİA-ya açıqlamasında sabiq deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, toplantıda bir sıra mühüm prioritetlər əsas götürülüb:

“Məsələn, “Azərbaycanın investisiya görünüşü” adlı tədbirdə bildirildi ki, Azərbaycan investorlara güclü fiskal göstəricilər və ağlabatan iqtisadi siyasətlə dəstəklənən sabit və dayanıqlı iqtisadi mühit təqdim edir. Strateji valyuta ehtiyatları Azərbaycanın ümumi daxili məhsulunu üstələyir, bu resurslar ölkənin makroiqtisadi sabitliyini daha da möhkəmləndirir.

Toplantı çərçivəsində Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsində saxlaması, halal iqtisadiyyatın qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən istiqamətlərindən biri olması, təcrübə, iqtisadi rifah, dövlət siyasətinin əsas səciyyələri, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması və innovasiyaların təşviqinə yönəlmiş islahatlar və s. müzakirə obyekti olub, çıxış edənlər İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci illik toplantısının Bakıda keçirilməsini məqsədəuyğun hesab ediblər. O da xüsusi vurğulanıb ki, Azərbaycan davamlı və inklüziv artımı gücləndirməyə yönəlmiş iddialı islahatlar həyata keçirir. Ölkə 2023-2026-cı illər üçün Davamlı Maliyyə Yol Xəritəsinin tətbiqində və milli maliyyə axınlarını ətraf mühit və sosial prioritetlərlə uyğunlaşdırmaq üçün möhkəm təməl yaradan Milli Yaşıl Taksonomiya kimi əsas alətlərin hazırlanmasında əhəmiyyətli irəliləyişlər əldə edib.
Prezident cənab İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan ikinci dəfədir ki, İllik Toplantıya ev sahibliyi edir və bu, həmçinin sıx əlaqələrimizi, əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə göstərir. Həmin İllik Toplantı Qrup ilə tərəfdaşlığımıza, eləcə də iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanın həyata keçirdiyi islahatlara, enerji sektorundan asılılığı azaltmağa güclü təkan verdi. O vaxtdan etibarən Azərbaycanda və ətrafda çox dəyişikliklər baş verdi. Dəyişməyən yeganə məsələ Azərbaycanın sabit və uğurlu inkişafı oldu. Apardığımız iqtisadi təhlillər göstərir ki, İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakı şəhərində, yuxarıda dediyimiz kimi, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir, ölkəmizin regional və beynəlxalq tərəfdaşlıqlarının möhkəmlənməsinə, İslam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə, Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının tanıdılmasına müsbət töhfə verəcək. Bütün bunlar da məhz o deməkdir ki, Azərbaycanın iqtisadi-siyasi nüfuzu misilsiz dərəcədə artıb, ölkə başçımız cənab İlham Əliyevin siyasi xəttində iqtisadi yüksəliş ən vacib, həm də beynəlxalq prioritet məsələlərdən hesab olunur”.