Mərkəzi Gömrük Hospitalında “Aterosklerozun yükü: pasiyent və səhiyyə sistemi üçün çağırışlar Özbəkistan təcrübəsi” mövzusunda seminar keçirilib.

19 İyun 2026 16:17 (UTC+04:00)

19 iyun 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında həkimlər və rezidentlər üçün növbəti cümə seminarı keçirilib.
“Aterosklerozun yükü: pasiyent və səhiyyə sistemi üçün çağırışlar - Özbəkistan təcrübəsi” mövzusuna həsr olunan seminarın məqsədi ürək-damar xəstəliklərinin qlobal və regional yükü, aterosklerozun səhiyyə sistemlərinə təsiri, dislipidemiyanın idarə olunması və yüksək riskli pasiyentlərdə müasir lipidazaldıcı müalicə strategiyalarının tətbiqi ilə bağlı mütəxəssislər arasında müzakirələr aparılıb.
Seminarda çıxış edən Mərkəzi Gömrük Hospitalının kardioloqu Nərgiz Ələkbərova qeyd edib ki, ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında birinci yeri tutmağa davam edir. Mütəxəssislər tərəfindən təqdim edilən məlumatlara əsasən, 2050-ci ilə qədər ürək-damar xəstəliklərinin yayılmasının və bu səbəbdən ölüm hallarının artacağı proqnozlaşdırılır. Bildirilib ki, yüksək arterial təzyiq, LDL xolesterinin yüksəlməsi, tütün istifadəsi, piylənmə, şəkərli diabet və fiziki passivlik ürək-damar xəstəliklərinin inkişafında əsas dəyişdirilə bilən risk faktorları hesab olunur.
Seminar çərçivəsində klinik tədqiqatların aterosklerozun erkən mərhələdə aşkarlanmasının və risk faktorlarının vaxtında korreksiyasının əhəmiyyəti xüsusi vurğulanıb. Həmçinin ailəvi hiperxolesterinemiyanın ürək-damar xəstəliklərinin erkən inkişafına səbəb olan mühüm genetik risk amillərindən biri olduğu diqqətə çatdırılıb.
Seminar iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında geniş fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.