“Bəzi media resursları göstəricilərini yüksəltmək üçün texniki üsullardan istifadə edir” - EKSPERT DANIŞDI

19 İyun 2026 15:15 (UTC+04:00)

“Bu məsələ Azərbaycan media məkanında uzun müddətdir müzakirə olunan və aktuallığını qoruyan problemlərdən biri hesab edilir. Mövcud müşahidələr göstərir ki, xəbər saytlarının auditoriyasını və populyarlığını ölçən bəzi reytinq sistemləri ictimai marağın real mənzərəsini tam əks etdirmir. Nəticədə həm media qurumlarının fəaliyyətinin qiymətləndirilməsində, həm də informasiya istehlakı prosesində müəyyən təhriflər meydana çıxır”.
Bu sözləri SİA- ya açıqlamasında Yeni Media üzrə tədqiqatçı Səbinə İzzətli bildirib.

Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri reytinq platformalarının istifadə etdiyi metodologiyanın kifayət qədər şəffaf olmamasıdır:

”Trafikin hansı mənbələrdən əldə edilməsi, ölçmə mexanizmlərinin necə işləməsi və yekun göstəricilərin hansı prinsiplərlə formalaşdırılması barədə ictimaiyyətə geniş məlumat təqdim olunmur. Bu isə nəticələrin obyektivliyi ilə bağlı suallar yaradır.

Müşahidələr onu da göstərir ki, bəzi media resursları auditoriya göstəricilərini yüksəltmək məqsədilə müxtəlif texniki üsullardan istifadə edirlər. Belə hallarda reytinqlər real oxucu marağını deyil, süni şəkildə formalaşdırılmış statistik göstəriciləri əks etdirmiş olur. Nəticədə media subyektləri arasında sağlam rəqabət mühiti zədələnir.

Bir neçə il əvvəl aparılmış media araşdırması çərçivəsində müxtəlif yerli xəbər saytlarında minlərlə material təhlil edilmiş və istifadəçi axınının artırılmasına yönəlmiş müəyyən texniki yanaşmalar müəyyən olunmuşdur. Məsələn, bəzi hallarda məqalələrdə yerləşdirilən hiperlinklər oxucunu əlaqəli informasiya mənbəyinə deyil, saytın əsas səhifəsinə yönləndirirdi. Halbuki hiperlinklərin əsas məqsədi istifadəçiyə əlavə məlumat təqdim etmək və mövzunu daha əhatəli şəkildə izləməsinə şərait yaratmaqdır.

Eyni zamanda nəzərə almaq lazımdır ki, müasir dövrdə auditoriyanın böyük hissəsi xəbərləri sosial media platformaları vasitəsilə izləyir. Bu səbəbdən yalnız veb-trafik əsasında formalaşdırılan reytinqlər cəmiyyətin informasiya istehlakı vərdişlərini tam əhatə etmir. Belə göstəricilər ictimai marağın dəqiq ölçüsü deyil, sadəcə əlavə indikator kimi qəbul edilməlidir.

Bütün bunlar göstərir ki, mövcud reytinq sistemlərinin daha şəffaf, müasir və obyektiv mexanizmlərlə təkmilləşdirilməsinə ehtiyac var. Media auditoriyasının real davranışlarını əks etdirən ölçmə metodları həm media bazarında sağlam rəqabətin formalaşmasına, həm də ictimai etimadın güclənməsinə töhfə verə bilər”.