İslam alimi, şahzadə və Quran hafizi...

19 İyun 2026 19:13 (UTC+04:00)

...Müsəlmanlar ABŞ tarixinin yarandığı gündən bəri onun bir hissəsi olublar.

Tarixçilər hesab edirlər ki, XVI-XIX əsrlərdə Şimali Amerikaya gətirilən Afrika kölələrinin təxminən 30 faizi müsəlman olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Conversation xəbər verir.

...Deməli, iddialara görə, İslam Qərbi Afrikaya VIII əsrdə, yerli əhali ərəblərlə ticarət etmək üçün ərəb dilini mənimsədikdə yayılıb ki, bu da onlara Quranı öyrənməyə kömək edib.

Tarixçi Silviya Diuf 1998-ci ildə nəşr olunan "Allahın xidmətçiləri" kitabında kölə müsəlmanların hekayələrini nəql edir. O, Amerikaya gətirilən yüz minlərlə kölə arasında afrikalı "mənəvi liderlər, müəllimlər, tələbələr, hökmdarlar və tacirlər" olduğunu təxmin edir.

...Afrikadakı ən məşhur kölə müsəlmanlarından biri Ömər ibn Səid olub. O, təxminən 1770-ci ildə indiki Seneqalda anadan olub və ömrünün 25 ilini ərəb dilini, Quranı, İslam ilahiyyatını və hüququnu öyrənməyə həsr edib. 1807-ci ildə, 37 yaşında, Cənubi Karolina ştatının Çarlston şəhərindəki kölə bazarında tutularaq satılıb.

1831-ci ildə İbn Səid ərəb dilində bir avtobioqrafiya yazıb və bu günə qədər gəlib çatıb.

O, "Allahdan qorxmayan" bir adam tərəfindən kölə edildiyini və onunla çox qəddarcasına davrandığını yazırdı.

İbn Səid qaçıb, lakin sonradan tutulub və həbsxanaya göndərilib və kamerasının divarlarına ərəb dilində yazıb. Afrikalı sonradan Şimali Karolinanın qubernatoru olan Con Ouenin diqqətini çəkib.

Ouen İbn Səidi satın alıb və qardaşına verib. Beləliklə, savadlılıq onu həbsxanadan xilas edib, amma köləlikdən xilas etməyib.

...Ömər ibn Səid 15 səhifəlik tərcümeyi-halına "Əlində hökmranlıq olan, hər şeyə qadir olan Allah nə qədər mübarəkdir" (Mülk) surəsindən başlayır.

Tarixçi Ala Alries hesab edir ki, əsərinə bu sözlərlə başlamaqla müəllif köləlik institutuna meydan oxumaq niyyətində olub.

O, yalnız Allahın hər şeyə qadir olduğunu vurğulamaq istəyib. İbn Səid təxminən 60 il əsirlikdə qaldıqdan sonra 1864-cü ildə vəfat edib. Ölümündən bir il sonra köləlik ləğv edilib.

...Başqa bir amerikalı müsəlman kölə, Əyyub Süleyman Diallo (Əyyub Ben Solomon), 1701-ci ildə Qərbi Afrikada varlı bir ailədə anadan olub. Atası oğluna Quranı əzbərləməyə kömək edən İslam alimi idi.

Diallo köləliyə salınıb Amerikaya göndəriləndə 30 yaşında olub. Onun "Əyyub Ben Solomonun həyatının xatirələri" adlı tərcümeyi-halı 1734-cü ildə Britaniya hakimi və keşişi Tomas Blevett tərəfindən yazılıb və afroamerikalının ilk nəşr olunmuş tərcümeyi-halı olub.

Blevett kitabında Diallonun imanına, xüsusən də Quran biliyinə olan sədaqətinə heyran qalır. Blevett qeyd edir ki, "Onun yaddaşı fövqəladə idi. 15 yaşında o, bütün Quranı əzbər bilirdi".

O yazırdı ki, köləlikdə belə Diallo dua etməyə davam edirdi. Ağdərili uşaqlar onu tez-tez lağa qoyur, palçıqla döyürdülər. O, Blevettlə həbsxanada tanış olub və qaçış cəhdindən sonra həbsxanaya göndərilib.

Keşiş ingilis dilində və Diallonun ana dilində, Seneqalda danışılan dildə danışan birini tapdı, o da tərcüməçi oldu və onların ünsiyyət qurmasına kömək etdi.

1734-cü ildə tərcümeyi-halını dərc etdikdən sonra Blevett, Əyyub Süleyman Diallonun azad edilməsi üçün Britaniya elitasına müraciət edib və o, azadlığa buraxılıb. Quran hafizi ömrünün qalan hissəsini vətəni Seneqalda keçirdi.

O, 1773-cü ildə vəfat etdi.

...Əbdürrəhman İbrahim ibn Sori Futa isə Callon bölgəsində (indiki Qvineya) şahzadə idi. O, 1788-ci ildə 26 yaşında köləliyə məruz qalıb. Tarlalarda işləyərkən Qurana çıxışı yox idi, ona görə də Quran ayələrini quma çubuqla əzbərdən yazıb. Endryu Marşal bunu görüb və afrikalının məktub yazmasına və evə göndərməsinə kömək edib.

1826-cı ildə İbn Sori əzbərdən Quran ayələri olan bir məktub yazıb və Marşal onu senator Tomas Bak Ridə çatdıraraq iddia edib ki, bu, Mərakeş kral ailəsinin üzvüdür.

Məktub bir çox siyasətçinin diqqətini çəkib və nəticədə Mərakeş sultanı Əbdürrəhman ibn Hişama çatdırılıb. O, da ABŞ prezidenti Con Adamsdan İbn Sorini azad etməsini istəyib.

Amerikalılar Əbdürrəhman İbrahim ibn Sori və həyat yoldaşı İzabellanı Afrikaya qaytarmaq üçün vəsait toplamağa başlayıblar. Lakin onlar buna nail ola bilməyiblər.

Cütlük vəbadan ölüb və yeddi uşağı Missisipidə kölə olaraq qalıb.

Əli Babayev