Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” (Unified Football) komandası iyulun 6-dan 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku” turnirində iştirak edəcəklər.
SİA xəbər verir ki, Xüsusi Olimpiya hərəkatının ən nüfuzlu beynəlxalq yarışlarından hesab olunan turnirdə ümumilikdə 24 komanda – 12 kişi və 12 qadın kollektivi iştirak edəcək.
Azərbaycan təmsilçisi 7-yə 7 formatında keçiriləcək oyunlarda qüvvəsini sınayacaq. Komandamız B qrupunda Namibiya, ABŞ və Qvatemala yığmaları ilə qarşılaşacaq.
Turnirin açılış matçı Fransa və Seneqal komandaları arasında keçiriləcək. Final görüşləri isə iyulun 11-də baş tutacaq.
Qeyd edək ki, qadınlardan ibarət 11 nəfərlik Azərbaycan yığması ölkə daxilində həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb. Komanda hazırda dünya kubokuna hazırlıq məqsədilə yekun təlim-məşq toplanışını davam etdirir.