“Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, icbari avtomobil sığortasında tətbiq olunan Bonus-Malus sistemi ləğv edilərək onun əvəzinə Sığorta Tarixçəsi Əmsalı tətbiq olunur. Rəsmi izahlara görə, yeni sistem risklərin daha dəqiq qiymətləndirilməsinə və sığorta bazarında ədalətliliyin artırılmasına xidmət etməlidir. Lakin dəyişikliklərin detalları göstərir ki, bu yeniliyin tətbiqi bir sıra suallar və narahatlıqlar doğurur”. Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, sığorta tarixçəsi artıq avtomobil sahibinə deyil, nəqliyyat vasitəsini faktiki idarə edən sürücüyə bağlı olacaq:
”İlk baxışdan bu yanaşma məntiqli görünür, çünki qəzanı törədən şəxsin məsuliyyət daşıması daha ədalətli hesab edilir. Ancaq praktikada bunun necə işləyəcəyi ilə bağlı bir sıra suallar açıq qalır. Azərbaycanda bir çox hallarda eyni avtomobildən ailənin bir neçə üzvü və ya yaxın qohumlar istifadə edir. Belə vəziyyətlərdə qəza zamanı avtomobili kimin idarə etdiyinin müəyyənləşdirilməsi mübahisələrə səbəb ola bilər.
Diqqət çəkən digər məqam cərimə və endirim mexanizmi arasındakı balansdır. Yeni sistemə görə, sürücü hər 275 qəzasız gün üçün cəmi 5 faiz endirim əldə edir. Eyni zamanda, bir yol-nəqliyyat hadisəsinə səbəb olduqda onun sığorta tarixçəsinə dərhal 30 faiz əlavə olunur. Bu isə o deməkdir ki, sürücü uzun müddət ərzində qazandığı üstünlüyü bir qəza nəticəsində qısa müddətdə itirə bilər. Belə yanaşmanın təhlükəsiz sürücüləri həvəsləndirməkdən daha çox cəzalandırıcı xarakter daşıdığı barədə fikirlər səslənir.
Bundan başqa, qəzanın ağırlıq dərəcəsinin necə nəzərə alınacağı da tam aydın deyil. Əgər bütün qəzalara eyni yanaşma tətbiq olunarsa, kiçik maddi zərərlə nəticələnən hadisə ilə ciddi qəza arasında sığorta baxımından böyük fərq qalmaya bilər. Bu isə risklərin daha dəqiq qiymətləndirilməsi ilə bağlı verilən vədlərlə tam uzlaşmır.
Bir neçə sürücünün istifadə etdiyi avtomobillərlə bağlı qaydalar da müəyyən problemlər yarada bilər. Belə hallarda sığorta haqqının hesablanması zamanı bütün sürücülərin tarixçəsinin nəzərə alınması ehtimal olunur. Nəticədə uzun illər qəzasız avtomobil idarə edən şəxs digər sürücünün mənfi tarixçəsinin təsirinə məruz qala bilər. Bu isə fərdi məsuliyyət prinsipinin tam təmin olunmadığı barədə fikirlərə səbəb ola bilər.
Yeni sistem xüsusilə gənc və yeni sürücülər üçün də əlavə çətinliklər yarada bilər. Sığorta tarixçəsi olmayan şəxslərin hansı şərtlərlə qiymətləndiriləcəyi tam aydın deyil. Əgər onlar yüksək risk qrupuna daxil edilərsə, bu, ilkin sığorta haqlarının artmasına gətirib çıxara bilər.
Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri üçün ayrıca tarixçənin yaradılması da diqqət çəkən dəyişikliklərdəndir. Taksi sürücüləri daha çox hərəkətdə olduqları üçün onların qəza riski statistik olaraq daha yüksəkdir. Bu isə gələcəkdə həmin sahədə sığorta xərclərinin artmasına səbəb ola bilər.
Mərkəzi Bank yeni sistemin daha şəffaf və ədalətli olacağını bəyan etsə də, bunun nə dərəcədə uğurlu olacağı tətbiq mexanizmlərindən asılı olacaq. Xüsusilə sürücünün identifikasiyası, cərimə və endirimlərin balansı, eləcə də müxtəlif qəza növlərinə fərqli yanaşmanın olub-olmaması kimi məsələlər gələcəkdə ciddi müzakirə mövzusu olacaq. Buna görə də yeni sistemin effektivliyi yalnız nəzəri üstünlüklərlə deyil, onun praktik nəticələri ilə qiymətləndirilməlidir”.