“Müzakirə etdiyimiz qanun layihəsində aviasiya sahəsinə dair dəyişikliklər turizm sektorunun inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Göydəniz Qəhramanov parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Prezidentin rəhbərliyi ilə Azərbaycanda turizm sektoru prioritet istiqamət kimi inkişaf etdirilir və bu sahədə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.
Onun sözlərinə görə, Bakı ilə yanaşı regionlarda və işğaldan azad olunmuş ərazilərdə müasir turizm infrastrukturu yaradılır, yeni komplekslər inşa edilir və nəqliyyat şəbəkəsi təkmilləşdirilir.
Göydəniz Qəhramanov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə üç beynəlxalq hava limanının istifadəyə verilməsi ölkənin turizm potensialını əhəmiyyətli dərəcədə artırıb.
Deputat vurğulayıb ki, bu şəraitdə aviasiya sektoru turizmin əsas dayaqlarından birinə çevrilir, lakin aviabiletlərin qiymətindəki artım turist axınına mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, aviabiletlərin daha əlçatan olması ölkəyə gələn turistlərin sayının artmasına, bunun isə hotellər, nəqliyyat, iaşə və digər xidmət sahələrinə müsbət iqtisadi təsir göstərməsinə şərait yaradar.
Deputat əlavə edib ki, aviaşirkətlərin qiymət siyasətinə turizm sektorunun ümumi inkişaf maraqları prizmasından yanaşılması daha məqsədəuyğun olardı.