“Əgər biz bu sahədə tam və dayanıqlı uğur əldə etmək istəyiriksə, yalnız bir istiqamət üzrə deyil, zəncirvari şəkildə bir-biri ilə bağlı olan digər problemlərin də paralel olaraq həllinə nail olunmalıdır. Əks halda, həyata keçirilən hər hansı proqram yalnız qısa müddətli nəticə verə bilər və uzunmüddətli effekt əldə etmək mümkün olmaz”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyi kimi strateji məsələlərin həlli üçün iki əsas yanaşma mövcuddur:
“Ya insan əməyinə əsaslanan geniş iştirak təmin edilməli, ya da yüksək texnoloji inkişaf və ekstensiv istehsal üsullarına üstünlük verilməlidir. Hər iki yanaşmanın özünəməxsus üstünlükləri və riskləri vardır.
İkinci yanaşmanın, yəni yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi mövcud işsizlik problemini daha da dərinləşdirə bilər. Çünki avtomatlaşdırma və rəqəmsallaşma bir sıra ənənəvi iş yerlərinin azalmasına gətirib çıxarır. Bu səbəbdən, belə bir inkişaf modeli sosial balans nəzərə alınmadan tətbiq olunduqda müəyyən çətinliklər yarana bilər.
Birinci yanaşmanın effektiv olması üçün isə konkret dövlət proqramlarının hazırlanması vacibdir. Bu proqramlar vətəndaşların kənd təsərrüfatı və istehsal sahələrinə cəlb olunmasını stimullaşdırmalı, onların bu sahədə marağını artırmalı və dayanıqlı məşğulluq imkanları yaratmalıdır. Eyni zamanda, kənd təsərrüfatı sahəsində çalışanlara dəstək mexanizmləri, subsidiyalar və güzəştlər tətbiq olunmalıdır ki, bu sahə daha cazibədar hala gəlsin.
Bundan əlavə, yeni layihələrin xüsusi yaş qruplarını əhatə etməsi də mühüm əhəmiyyət daşıyır. Xüsusilə gənclər və orta yaş qrupları işsizlik probleminin daha çox müşahidə olunduğu təbəqələrdir. Bu səbəbdən, həyata keçirilən proqramlar həmin yaş qruplarına yönəldilməli, onlara şəhərdən kənarda və ya regionlarda daha stabil, perspektivli və sosial baxımdan cəlbedici həyat və iş imkanları təqdim olunmalıdır.
Bu cür kompleks yanaşma həm iqtisadi inkişafı sürətləndirə, həm də sosial tarazlığın qorunmasına xidmət edə bilər”.