Azərbaycanda sənədsiz evlərlə bağlı amnistiya və xüsusi proqram təklifi irəli sürülüb

19 İyun 2026 11:47 (UTC+04:00)

Milli Məclisdə sənədsiz yaşayış evlərinin leqallaşdırılması ilə bağlı amnistiya elan edilməsi və xüsusi proqramın hazırlanması təklifi səsləndirilib.

SİA xəbər verir ki, bu barədə deputat Kamal Cəfərov parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, Azərbaycanda təxminən 500 min sənədsiz ev mövcuddur və bu evlərdə yaşayan vətəndaşların qeydiyyat və dövlət xidmətlərinə çıxış imkanlarında ciddi məhdudiyyətlər yaranır.

Deputat problemin həlli üçün sistemli və mərhələli yanaşmanın vacibliyini qeyd edərək xüsusi proqramın qəbul olunmasını məqsədəuyğun hesab edib.

Kamal Cəfərov dünya təcrübəsinə də istinad edərək Türkiyədə həyata keçirilən “İmar Barışı” proqramını nümunə göstərib və oxşar mexanizmin Azərbaycanda da tətbiq oluna biləcəyini bildirib. Onun sözlərinə görə, riskli ərazilər, mühafizə zonaları və strateji torpaqlar istisna olmaqla, digər sənədsiz evlərin leqallaşdırılması mümkündür.

Qeyd olunub ki, bu addımın həyata keçirilməsi həm vətəndaşların sosial problemlərinin həllinə, həm də dövlət büdcəsinə əlavə iqtisadi dəyərin qazandırılmasına töhfə verə bilər.