"Telefonlar gizli deyil, icazəli məlumat toplayır" - TEXNOLOQ DANIŞDI

19 İyun 2026 11:53 (UTC+04:00)

"İnsanlar çox vaxt “telefonumuz bizi izləyir?” sualını verirlər. Əslində məsələ bir qədər fərqlidir. Müasir smartfonlar və tətbiqlər bizim haqqımızda düşündüyümüzdən daha çox məlumat toplaya bilir".

Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə görə, burada əsas məsələ gizli izləmə deyil, istifadəçinin özü tərəfindən verilmiş icazələr nəticəsində formalaşan məlumat axınıdır:

"Məsələn, bir insan gün ərzində harada olur, hansı marşrutla hərəkət edir, hansı restoranlara gedir, hansı məhsullara baxır, hansı videoları izləyir və nə qədər vaxtını sosial şəbəkələrdə keçirir — bütün bunlar rəqəmsal izlər yaradır. Tək bir məlumat çox əhəmiyyətli görünməsə də, bu məlumatlar bir araya gəldikdə istifadəçi haqqında kifayət qədər dəqiq profil formalaşdırmaq mümkün olur.

Maraqlıdır ki, bəzən insanlar “mən bu barədə yalnız danışmışdım, reklamı necə qarşıma çıxdı?” deyə təəccüblənirlər. Əksər hallarda bunun səbəbi telefonun gizli dinləməsi deyil, istifadəçi davranışlarının analiz edilməsidir. Burada məqsəd alqoritmlərin axtarışları, baxış vərdişlərini və maraq dairəsini təhlil edərək istifadəçinin nəyə maraq göstərə biləcəyini əvvəlcədən proqnozlaşdırmasıdır.

Digər vacib məsələ tətbiqlərə verdiyimiz icazələrdir. Bir çox istifadəçi proqramı quraşdırarkən “icazə ver” düyməsini oxumadan təsdiqləyir. Halbuki həmin tətbiq kamera, mikrofon, yerləşmə məlumatları, kontaktlar və ya qalereyaya çıxış əldə edə bilər. Bəzi hallarda bu icazələr proqramın işləməsi üçün lazım olur, bəzi hallarda isə istifadəçi onları fərqində olmadan təsdiqləyir.

Məxfiliyi qorumaq üçün istifadəçilər vaxtaşırı telefonlarında tətbiq icazələrini yoxlamalı, istifadə etmədikləri proqramları silməli, lokasiya xidmətlərini yalnız ehtiyac olduqda aktiv saxlamalı və sosial şəbəkələrdə həddindən artıq şəxsi məlumat paylaşmamalıdırlar. Xüsusilə doğum tarixi, ünvan, ailə üzvləri, gündəlik hərəkət marşrutları və maliyyə məlumatları kimi informasiyalara daha diqqətli yanaşmaq lazımdır".