Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi ilə bağlı dəyişikliklər təsdiqlənib

19 İyun 2026 11:43 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətini və dövlət qulluğu statusunu tənzimləyən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

SİA xəbər verir ki, məsələ parlamentin iyunun 19-da keçirilən plenar iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Prezident tərəfindən müəyyən edilən vəzifələrin icrasını həyata keçirən icra orqanı kimi fəaliyyət göstərəcək. Nümayəndəliyə rəhbərlik Prezident tərəfindən vəzifəyə təyin edilən və birbaşa ona tabe olan səlahiyyətli nümayəndə tərəfindən həyata keçiriləcək.

Qanun layihəsinə uyğun olaraq, səlahiyyətli nümayəndə və onun müavinləri inzibati vəzifələr təsnifatından çıxarılır. Eyni zamanda, nümayəndəliyin köməkçisi vəzifəsi üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir.

Dəyişikliklərdən sonra həmin vəzifələr “Dövlət qulluğu haqqında” Qanunun əhatə dairəsindən çıxarılır. Onların əməkhaqqı və xidmət şərtləri isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.