Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
SİA-nın məlumatına görə, idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.
O, qızıl medal uğrunda görüşdə yaponiyalı Ryuju Naqayama ilə qarşılaşacaq.
Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda İ.Aşpizlə üz-üzə gələcək. Yarımfinalda uduzan Nizami İmranov (66 kq) bürünc medal uğrunda yerli cüdoçu Yolk Kazırbyeklə münasibətlərə aydınlıq gətirəcək.
Ruslan Paşayev (66 kq), Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mükafat qazanmaq şanslarını itiriblər.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.