“2025-ci ilin dövlət büdcəsinin icrası fiskal diversifikasiya prosesinin daha da dərinləşdiyini təsdiq edir. Qeyri neft-qaz sektorunun büdcə gəlirlərində payı artaraq 20 milyard 356 milyon manata çatıb ki, bu da ümumi büdcə gəlirlərinin 52 faizini təşkil edir”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, vergi orqanları vasitəsilə dövlət büdcəsinə 16 milyard 335 milyon manat daxil olub və bunun 73,4 faizi qeyri neft-qaz sektorunun payına düşüb. Onun sözlərinə görə, bu göstərici ölkədə iqtisadiyyatın şaxələndirilməsi prosesinin davam etdiyini göstərir.
Vüqar Bayramov qeyd edib ki, gömrük orqanları üzrə daxilolmalar 6 milyard 369 milyon manat təşkil edib və bu sahədə fiskal yanaşmalarla yanaşı, iqtisadi təhlükəsizlik funksiyasının da ön plana çıxması vacibdir.
Deputat vurğulayıb ki, qeyri neft-qaz sektoru üzrə mənfəət vergisində proqnoza nisbətən 219 milyon manat və ya 5,3 faiz azalma müşahidə olunub və bu, birbaşa vergilərin payının artırılmasının əhəmiyyətini göstərir.
Onun sözlərinə görə, bəzi gəlir maddələri üzrə daxilolmalar proqnozu üstələyib. Torpaqların icarəsi və idarəetməsindən 36,8 faiz, ödənişli xidmətlərdən 24 faiz, digər daxilolmalarda isə 45,5 faiz artım qeydə alınıb.
Deputat bildirib ki, 2025-ci ildə sosial xərclər 15 milyard 254 milyon manat təşkil edib və bu göstərici müstəqillik dövrünün ən yüksək sosial xərci kimi qiymətləndirilir.
Vüqar Bayramov əlavə edib ki, 5-ci sosial paket 3 milyondan çox vətəndaşı əhatə edib və sosial müdafiə sahəsində ümumilikdə 7,6 milyard manat əlavə vəsait yönəldilib.
Onun sözlərinə görə, bəzi sahələr üzrə xərclərdə azalmalar müşahidə olunub, lakin bu, əsasən sifarişlərin planlaşdırılması və icra mexanizmləri ilə əlaqələndirilir və gələcək büdcə planlamasında daha dəqiq yanaşma tələb edir.
Deputat həmçinin işğaldan azad edilmiş ərazilərə 4 milyard 454 milyon manat vəsait ayrıldığını qeyd edib və ümumi investisiya həcminin 17 milyard dollara yaxın olduğunu diqqətə çatdırıb.