“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin növbədənkənar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.
SİA xəbər verir ki, müzakirələr zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov çıxış edib.
O bildirib ki, 2025-ci ildə qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslərə və xarici təsirlərə baxmayaraq, ölkə iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. İqtisadi artımın davamlılığının qorunması, maliyyə sabitliyinin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi dövlət siyasətinin əsas prioritetləri olub.
Qeyd olunub ki, hesabat dövründə iqtisadiyyatın müxtəlif sahələrində islahatlar davam etdirilib, investisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılıb. Maliyyə resurslarından səmərəli istifadə olunması və iqtisadi fəaliyyətin genişləndirilməsi məqsədilə bir sıra layihələr uğurla icra edilib.
Azər Badamov vurğulayıb ki, 2025-ci ildə ümumi daxili məhsulun artımı və qeyri-neft sektorunun inkişafı iqtisadi sabitliyin möhkəmlənməsinə mühüm töhfə verib. Həyata keçirilən tədbirlər nəticəsində iqtisadi inkişafın davamlılığı təmin olunub və növbəti illər üçün əlverişli zəmin formalaşıb.
Çıxış zamanı bildirilib ki, 2026-cı ildə də iqtisadi inkişaf strategiyasının davam etdirilməsi, investisiyaların artırılması, qeyri-neft sektorunun genişləndirilməsi və maliyyə dayanıqlığının gücləndirilməsi əsas hədəflər olaraq qalacaq.
Komitə sədrinin müavini qeyd edib ki, inflyasiya və qlobal iqtisadi çağırışlara baxmayaraq, həyata keçirilən dövlət siyasəti sosial sabitliyin qorunmasına və iqtisadi inkişafın təmin olunmasına xidmət edib. Strateji layihələrin milli maraqlara uyğun icrası ölkənin iqtisadi potensialının daha da gücləndirilməsinə şərait yaradıb.
Azər Badamov sonda həyata keçirilən təşəbbüslərin iqtisadi artımın davamlılığının təmin edilməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə və dövlətin inkişaf prioritetlərinin reallaşdırılmasına xidmət etdiyini vurğulayaraq, “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsini dəstəklədiyini bildirib.