AmCham Azərbaycanın 17 iyun 2026-cı il tarixində keçirilən İllik Ümumi Yığıncağı çərçivəsində Palatanın üzvləri tərəfindən 2026–2028-ci fəaliyyət dövrü üzrə yeni Prezident və İdarə Heyəti seçilib.
SİA xəbər verir ki, yeni seçilən İdarə Heyətində Azərbaycanda fəaliyyət göstərən aparıcı yerli və beynəlxalq şirkətlərin yüksək səviyyəli rəhbərləri təmsil olunur. Heyətdə Cisco, McDonald's, Philip Morris International (PMI), Deloitte kimi aparıcı ABŞ şirkətlərinin nümayəndələrinin təmsil olunması Amerika bizneslərinin Azərbaycandakı fəal iştirakını və ölkənin investisiya mühitinə olan davamlı marağını bir daha nümayiş etdirir.
Yeni İdarə Heyətinin tərkibi aşağıdakı üzvlərdən ibarətdir:
• Nuran Kərimov – Deloitte şirkətinin İdarəedici Partnyoru
• Oskar Boqopolski – McDonald's Azərbaycan şirkətinin Baş Direktoru
• Niyazi Əmirbəyov – AgroDairy şirkətinin Baş İcraçı Direktoru
• Ramil Eyyubov – Cisco şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə direktoru
• İmran Əhmədzadə – NEQSOL Holding Azərbaycan üzrə rəhbəri və NEQSOL Holding Global şirkətinin Baş Maliyyə Direktoru
• Elyar Əliyev – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda hüquq məsələləri üzrə vitse-prezidenti
• Şəraf Əsgərova – PMI şirkətinin Korporativ Əlaqələr üzrə Meneceri
• İlham Əzizov – iTech Group MMC-nin təsisçisi və direktoru
• Orxan Mikayıl – Aqualink MMC-nin Baş İcraçı Direktoru
AmCham Azərbaycanın Prezidenti olaraq yeni İdarə Heyətinin üzvləri arasından Deloitte şirkətinin İdarəedici Partnyoru Nuran Kərimov seçilib.
Yeni idarə heyəti növbəti iki il ərzində AmCham Azərbaycanın ölkədə əlverişli biznes və investisiya mühitinin təşviqi, dövlət-özəl sektor dialoqunun gücləndirilməsi, biznes ictimaiyyətinin maraqlarının müdafiəsi, eləcə də Azərbaycan və ABŞ arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək.
AmCham Azərbaycan təşkilata rəhbərlik etdiyi dövrdə göstərdiyi liderlik, xidmət və dəyərli töhfələrə görə sabiq Prezident Dəyanət Sədullayevə, eləcə də onun sədrliyi ilə fəaliyyət göstərmiş İdarə Heyətinin üzvlərinə dərin təşəkkürünü bildirir, yeni seçilmiş rəhbərliyə isə qarşıdakı fəaliyyətində uğurlar arzulayır.