Onlayn şəkildə qida sifariş edərkən nələrə diqqət edilməlidir? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

18 İyun 2026 16:32 (UTC+04:00)

"Onlayn sifariş günlük həyatımızın rutininə çevrilib. Artıq evdə yemək hazırlamadığımız üçün, işdə, dostlarla bir arada olarkən onlayn sifariş ağlımıza gəlir".

Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.

Onun sözlərinə görə, bu məsələdə istehlakçı olaraq diqqət etməli olduğumuz məqamlar var:

"Hər qidanın özünün saxlanma şəraiti və temperaturu var. Düzgün temperatura riayət edilmədikdə qidalarda mikroorqanizmlər sürətlə çoxalmağa başlayır. Beləcə qidalanma zaman zəhərlənmə riski yaranır. İlk olaraq çarpaz çirklənməyə diqqət etməliyik. ​Çiy və hazır qidalar daşınma zamanı bir-biri ilə təmas edərsə, infeksiyaların yayılmasına səbəb olur. ​İsti və soyuq yeməklərin uyğun temperaturda çatdırılmaması da qida zəhərlənmələrinin əsas səbəbidir. Həmçinin bir istehlakçı olaraq məhsulun tərkibini tam bilməliyik. Əsasən də həssas insanlar buna xüsusilə diqqət etməlidir. Hazır yeməklərin uzun müddət otaq temperaturunda qalması mikroorqanizmlərin çoxlaması üçün ideal şəraitdir. Biz onlayn sifariş etdiyimiz yerin mətbəxi haqqında məlumatsızıq. Orda sanitar-gigiyena qaydalarının, temperatura, saxlanma şəraitinə riayət edib-etməməsi barədə məlumatsızıq. Özümüzü təhlükəyə atmamaq üçün mütləq lisenziyalı, fəaliyyət ünvanı bilinən, yüksək sanitar qiymətləndirməyə malik müəssisələri seçməliyik. Sifarişi qəbul etdiyimiz zaman qablaşdırmanın bütöv, təmiz, açılmamış olduğunu yoxlamalıyıq. Zədələnmiş qablaşdırma təhlükəlidir. Bir çox hallarda sifarişi qəbul etdikdən sonra qidalar bir müddət otaq şəraitində, temperaturunda qalır. Belə etməməliyik. Dərhal istehlak etməliyik. ​Qidanı açdıqdan sonra xoşagəlməz qoxu, rəng, dad hiss etsək istifadə etməsək daha təhülkəsiz olar. Xüsusi diqqət edəcəyimiz qidalar yüksək risk qrupuna daxil olan ət və ət məhsulları, süd və süd məhsullarıdır. ​Süd məhsulları, balıq, kremli şirniyyatlar, ət tərkibli yeməklər bakterial inkişaf üçün ən riskli qidalardır. Temperatur rejimi pozulduqda bu qidaları qəbul etmək təhlə yaradır".