“Yeni qurumun qarşısında duran əsas vəzifə dezinformasiya ilə mübarizəni gücləndirilməkdir” -EKSPERT DANIŞDI

18 İyun 2026 16:14 (UTC+04:00)

“Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın birləşdirilərək Media və Yayım Şurasının yaradılması media sektorunda idarəetmənin yeni mərhələyə keçidi kimi qiymətləndirilə bilər. Müasir dövrdə televiziya, radio, çap və internet mediası arasındakı sərhədlər əvvəlki illərlə müqayisədə xeyli zəifləyib”.
Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media üzrə ekspert Hacıbəy Heydərli bildirib.

Onun sözlərinə görə, bu gün televiziya kanalları sosial şəbəkələr üzərindən geniş auditoriyaya çıxış əldə edir, xəbər saytları videoməzmun istehsal edir, sosial media platformaları isə milyonlarla insan üçün əsas informasiya mənbələrindən birinə çevrilib:

”Bütün media seqmentləri vahid informasiya ekosisteminin ayrılmaz hissəsi kimi fəaliyyət göstərir.

Bu baxımdan vahid tənzimləyici və inkişaf institutu modelinin formalaşdırılması media siyasətinin daha koordinasiyalı, çevik və effektiv şəkildə həyata keçirilməsinə imkan yarada bilər. Hazırda media sahəsində dəstək mexanizmləri, tənzimləmə funksiyaları və dövlət siyasətinin icrası müxtəlif qurumlar arasında bölüşdürülüb. Yeni model isə qərarların daha operativ qəbul olunmasına, resurslardan daha səmərəli istifadəyə və fəaliyyətin vahid strateji yanaşma əsasında qurulmasına şərait yarada bilər.

Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir dövrdə informasiya təhlükəsizliyi, peşəkar jurnalistikanın dəstəklənməsi, süni intellekt texnologiyalarının mediaya təsiri və audiovizual məkanın tənzimlənməsi bir-biri ilə sıx əlaqəli məsələlərə çevrilib. Buna görə də bu istiqamətlərin vahid baxış və koordinasiya çərçivəsində idarə olunması dövrün çağırışlarına uyğun yanaşma kimi görünür.

Yeni qurumun qarşısında duran əsas vəzifələrdən biri də dezinformasiya ilə mübarizənin gücləndirilməsi ola bilər. İnformasiya müharibələrinin, manipulyativ məzmunun və saxta xəbərlərin artdığı müasir şəraitdə vahid tənzimləyici institutun fəaliyyət göstərməsi media savadlılığının artırılması, etibarlı informasiya mühitinin qorunması və milli informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Belə bir modelin tətbiqi media sektorunda həm idarəetmənin təkmilləşdirilməsinə, həm də dəyişən informasiya mühitinin tələblərinə daha çevik uyğunlaşmağa xidmət edə bilər”.