"Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə illik toplantısı Azərbaycanın iqtisadi potensialını, beynəlxalq nüfuzunu və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrin uğurlarını bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
_(1).jpg)
O bildirib ki, son illər Azərbaycan ardıcıl olaraq nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu tədbirlərin yüksək səviyyədə təşkili ölkəmizin beynəlxalq aləmdə artan rolunu və etibarlı tərəfdaş kimi mövqeyini təsdiqləyir:
"Bu baxımdan İslam İnkişaf Bankı Qrupunun illik toplantısının Bakıda keçirilməsi Azərbaycanın qazandığı beynəlxalq etimadın göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin toplantının açılış mərasimində iştirakı və çıxışı zamanı səsləndirdiyi fikirlər ölkəmizin davamlı inkişaf modelini, siyasi sabitliyini və iqtisadi uğurlarını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. Prezident Azərbaycanın sosial-iqtisadi inkişafı, həyata keçirilən islahatlar və gələcək strateji hədəflərlə bağlı mühüm mesajlar verdi.
Bu gün Azərbaycan qlobal miqyasda mühüm tərəfdaşlardan birinə çevrilib. Xüsusilə enerji təhlükəsizliyi sahəsində ölkəmizin rolu getdikcə artır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biri kimi çıxış edir və müəllifi olduğu iri enerji layihələri beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi hesab olunur.
Dünyada geosiyasi gərginliklərin, müharibələrin və enerji böhranlarının davam etdiyi bir dövrdə Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, ölkəmiz qeyri-neft sektorunun inkişafına da böyük investisiyalar yatırır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirildiyini göstərir.
Azərbaycanın iqtisadi inkişaf strategiyası uzunmüddətli və düşünülmüş əsaslara söykənir. Həyata keçirilən islahatlar, əlverişli investisiya mühiti və sabit siyasi şərait ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bu baxımdan, Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun illik toplantısı Azərbaycanın iqtisadi və siyasi nailiyyətlərinin beynəlxalq səviyyədə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyan tədbir kimi qiymətləndirilə bilər".