Biz əvvəldən belə düşünürdük ki, ən keyfiyyətli avtomobillər müəyyən ölkələrdə istehsal olunur. Araşdırdıqca və illərin təcrübəsinə baxdıqca görürük ki, dünya avtomobil sənayesində keyfiyyət göstəricilərinə görə Yaponiya hər zaman ön sıralarda olub. Yaponiyadan sonra isə Cənubi Koreya gəlir.
Bu sözləri SİA-ya avtomobil ustası Sahil Ağabəyli deyib.

O bildirib ki, son illərdə Çin avtomobilləri də bazarda ciddi mövqe qazanıb:
“Xüsusilə ekoloji baxımdan onların üstünlükləri diqqət çəkir. Bunun əsas səbəbi daha kiçik həcmli mühərriklərdən istifadə etmələri və hibrid texnologiyalarına geniş yer vermələridir. Çin istehsalçıları hibrid və elektrik avtomobillərinin inkişafına böyük investisiyalar yönəldərək bu sahədə önə çıxıblar.
Əgər keyfiyyət baxımından qiymətləndirsək, ilk sırada Yaponiya, ikinci sırada isə Cənubi Koreya dayanır. Çin avtomobilləri isə son illərdə həm keyfiyyət, həm də texnologiya baxımından əhəmiyyətli irəliləyiş göstərərək bu rəqabətdə öz yerini möhkəmləndirib. Ekoloji göstəricilər və yeni texnologiyaların tətbiqi baxımından isə Çin markaları hazırda dünyanın aparıcı istehsalçıları sırasında yer alır”.
Ayşən Vəli