“Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən işçinin əsas iş yeri üzrə əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda o, həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır”.
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə , əgər işçi əlavə iş yerində işləmək işləyirsə, bu halda həftəlik iş vaxtı normasının yarısını keçməməlidir:
”İşçinin əlavə iş yeri əsas iş yeri üçün müəyyən olunmuş müddətdən sonradırsa bu halda işəgötürəndən icazə almağa ehtiyac yoxdur, lakin əsas iş yerinin müddətinə daxildirsə, bu halda mütləq işəgötürəndən icazə almalıdır.
Əgər işçi zərərli iş yerində işləyirsə, eyni şəraitli başqa iş yerində işləməyə icazə verilmir. Həmçinin əlavə iş yeri üzrə işləyən işçi ilə də əmək müqaviləsi bağlanmalıdır və həmin əmək müqaviləsi əmək müqaviləsi bildirişi alt sisteminə daxil olunaraq hüquqi qüvvəyə minməlidir.
Əvəzçilik üzrə iş vaxtının müddəti Əmək Məcəlləsinin 89-cü maddəsi ilə müəyyən edilmiş normanın (8 saat) yarısından çox olmamaqla – işçi ilə əlavə iş yerindəki işəgötürənin razılığı ilə müəyyən edilir.
Əlavə iş yerində çalışmaq istəyən işçiyə aşağıda qeyd edilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir:
- Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.
- Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər.
Yəni həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır”.