Azərbaycan Ordusunun Baş Qərargah rəisi Astanada ölkəmizin səfirliyini ziyarət edib - FOTOLAR

18 İyun 2026 13:08 (UTC+04:00)

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası çərçivəsində Astanaya səfər edən Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin Qazaxıstandakı səfirliyini ziyarət edib.

SİA xəbər verir ki, nümayəndə heyəti əvvəlcə səfirlikdəki Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.

Daha sonra Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov nümayəndə heyətinə diplomatik missiyanın fəaliyyəti, həmçinin Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə məlumat verib.

Səfirliyin binası ilə tanış olan general-polkovnik Kərim Vəliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.