ABŞ Müdafiə Nazirliyi Avropadakı qüvvələrinin yerləşdirilməsi ilə bağlı altı ayadək davam edə biləcək genişmiqyaslı araşdırma aparacaq.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın müdafiə naziri Pit Heqset NATO müdafiə nazirlərinin görüşündə bildirib ki, bəzi müttəfiqlər bu qiymətləndirmədən “uğursuz çıxa” bilər.
Onun sözlərinə görə, bu proses NATO-nun Avropada daha çox məsuliyyət daşımasını və alyansın regionun müdafiəsində rolunun gücləndirilməsini hədəfləyir. Heqset icmalı “NATO 3.0” çərçivəsində ABŞ ordusunun qlobal prioritetlərə uyğunlaşdırılması kimi qiymətləndirib.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp Amerika müdafiə şirkətlərinə Avropa və Ukraynada lisenziya əsasında silah istehsalı təklifini nəzərdən keçirir. Bildirilir ki, Kiyevin əsas ehtiyacları arasında yalnız ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemləri və tutucu raketlər var. Lakin ABŞ-ın İranla münaqişə zamanı ehtiyatlarının azalması səbəbindən istehsalın artırılması vaxt tələb edəcək. Trampın bu barədə müttəfiqlərə məlumat verdiyi qeyd olunur.
Lətifə Abdıyeva