"Media sahəsində struktur dəyişiklikləri aparılır" - MÖVQE

18 İyun 2026 12:46 (UTC+04:00)

"Müharibədən sonra media islahatları istiqamətində atılan addımlar bu gün də davam etdirilir. Son günlər media sahəsinin vahid şəkildə idarə olunmasını təmin edəcək yeni qurumun yaradılması ilə bağlı qəbul edilən qərar da məhz bu prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, vahid media qurumunun yaradılması Azərbaycanda uzun illərdir həyata keçirilən media islahatlarının davamı və mühüm mərhələsi hesab olunmalıdır:

"Çünki burada təkcə indiyədək fəaliyyət göstərən iki dövlət qurumunun birləşdirilməsi deyil, həm də idarəetmədə yeni keyfiyyət dəyişikliklərinin formalaşdırılması nəzərdə tutulur.

Müasir dövrdə müxtəlif media seqmentlərinin – audiovizual, çap və onlayn medianın ayrı-ayrı qurumlar tərəfindən tənzimlənməsi müəyyən çətinliklər yaradırdı. Bu baxımdan onların vahid idarəetmə sistemində birləşdirilməsi daha çevik və səmərəli idarəetmə mexanizminin formalaşdırılmasına xidmət edəcək.

Bununla yanaşı, yeni model media qurumlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi, dezinformasiya ilə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi və Azərbaycanın informasiya məkanının təhlükəsizliyinin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır. İnformasiya mühitinin qərəzli və pozucu təsirlərdən qorunması istiqamətində daha sistemli fəaliyyət imkanları yaradacaq.

Vahid qurumun yaradılması media sektorunda monitorinq və koordinasiya imkanlarını da genişləndirəcək. Eyni zamanda, jurnalistlərin peşəkarlığının artırılması, müxtəlif təlim proqramlarının, müsabiqələrin və təşviq mexanizmlərinin tətbiqi üçün əlavə imkanlar formalaşacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, yeni qurumun fəaliyyəti media sektorunun inkişafına, peşəkarlığın yüksəldilməsinə və informasiya mühitinin daha səmərəli idarə olunmasına töhfə verəcək, sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün əlverişli şərait yaradacaq".