İyunun 17-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 119 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Ümumi çəkisi 3,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 6 tona yaxın çəkidə 21 min 515 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 tüfəng və 25 ədəd patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.