Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin, şəhər və kəndlərinin dağılmasının və digər vandal əməllərinin tarixi iki yüz il əvvəllərə gedib çıxır. Bu baxımdan son iki yüz il ərzində iki milyondan çox azərbaycanlı erməni vəhşiliyinin qurbanı olub. Təkcə ötən əsrin sonlarında minlərlə azərbaycanlı öldürülmüş, bir milyondan çox soydaşımız isə öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Tarixi sənədlərə, sübut və dəlillərə əsasən qeyd olunur ki, ötən əsrin 88-ci illərində Ermənistanda yerləşən 185 Azərbaycan kəndindən 250000 çox həmvətənlərimiz qovulub, 31000 yaşayış evi, 165 kolxoz və sovxoz, çox sayda mal qara qarət olunmuş, 225 nəfər öldürülmüş, 1154 yaralanmışdır. Azərbaycanın 12 rayonu, ümumilikdə 700 yaşayış məntəqəsi işğal olunmuş, 24 min azərbaycanlı qətlə yetirilmiş, 4 minə qədər dinc əhali əsir düşmüş, 4121 nəfər itkin düşmüşdür. İtkin düşənlərdən 320 nəfəri qadın, 69 nəfəri isə uşaqdır. Erməni əsrliyində olmuş 783 nəfərdən 43 nəfəri qadın, 18 nəfəri isə uşaqdır. Erməni əsirliyindən qurtarılan 1325 nəfərdən 312 nəfəri qadın, 125 nəfəri isə uşaqdır. Araşdırmalara əsasən demək olar ki, Ermənistan ərazisində əsirlər üçün 6 düşərgə mövcud olmuşdur. Vardenis uşaq düşərgəsi (250 nəfər), Razdan uşaq düşərgəsi (180 nəfər), Xankəndi uşaq düşərgəsi (180 nəfər), Geçaşen qadın düşərgəsi (320 nəfər), Cermuk qadın düşərgəsi (250 nəfər), Kəlbəcər qadın düşərgəsi (150 nəfər).1992-ci ilin əvvəllərində Azərbaycan-Ermənistan münaqişəsi artıq beynəlxalq məkanın fəal diplomatik müzakirələr predmetinə çevrildi. 1993-cü ilin noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə xain hücumlarının qarşısı qətiyyətlə alındı. Yenidən formalaşan Azərbaycan Ordusu Ulu Öndərimiz Heydər Əliyevin Ali Baş Komandanlığı ilə erməni terror dəstələrini zərərsizləşdirmək üçün uğurlu hərbi əməliyyatlar keçirdi. Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl və Kəlbəcər rayonları ərazisinin bir hissəsi də düşməndən azad edildi, düşmən strateji yüksəkliklərdən qovuldu, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı.
Uğurlu siyasətin məntiqli nəticəsi
Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev 2003-cü il də xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonra ordu quruculuğu istiqamətində əhəmiyyətli işlər həyata keçirdi. Nəticədə Azərbaycanın Silahlı Qüvvələri gücünə, qüdrətinə görə dünyanın ən güclü 50 ordusu siyahısında yer aldı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi ilə Azərbaycan ordusu erməni terrorçu-hərbi birləşmələrini məhv edərək 30 il işğal altında olmuş torpaqlarımızı azad etdi. 2023-cü il sentyabrın 19-da isə bir neçə saatlıq anti-terror əməliyyatları ilə Xankəndidəki terrorçu birləşmələrin rəhbərləri tərk silah edilərək həbs olundular. Artıq onlar məhkəmə qarşısına çıxarılaraq hər biri layiq olduqları cəzanı alıblar.
Bu gün işğaldan azad edilən ərazilərimiz rahat nəfəs alır. İşğaldan azad edilən ərazilərdə geniş miqyaslı təmir, tikinti, bərpa işləri həyata keçirilir. 2022-ci ildə Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. Minlərlə ailənin doğma yurd-yuvasına qayıdışı, orada normal həyatın bərpa etdirilməsinə geniş imkanlar yaradıb. Həyata keçirilən uğurlu quruculuq, abadlıq, tikinti işləri nəticəsində min km-lərlə avtomobil və dəmir yolu, bütün əraziyə elektrik enerjisi, təbii qaz və su xətləri çəkilib, 3 beynəlxalq hava limanı tikilərək istifadəyə verilib. Eyni zamanda işğaldan azad edilmiş yaşayış məntəqələrində çoxsaylı fərdi yaşayış evləri və mənzillər, sosial obyektlər inşa edilərək insanların istifadəsinə verilib. Əhalinin köçürülməsi və onların məşğulluğunun təmin edilməsi üçün xüsusi Dövlət Proqramı hazırlanmış və icra edilməkdədir. "Böyük Qayıdış" Dövlət Proqramının birinci mərhələsi 2026-cı ildə başa çatacaq və bundan sonra ikinci mərhələ təsdiq edilərək icra olunacaqdır. Qəbul edilən qərara əsasən "Böyük Qayıdış" Dövlət Proqramının uğurla başa çatdırılması üçün lazım olan bütün işlər həyata keçirilib. Xüsusilə də, 2026-cı ildə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün 3 500 milyon manat vəsait ayrılıb. Bu məslə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub və "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2026-cı ilin dövlət büdcəsində 3 500 000 000 manat məbləğində vəsait nəzərdə tutulur
2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 34500 mənzil və fərdi yaşayış evi inşa ediləcək
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na müvafiq olaraq əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, inşa edilmiş evlərə ailələrin köçürülməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 41 900 000 manat vəsait proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 13 100 000 manat və ya 45,5 % çoxdur. Büdcə layihəsində həmin proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması məqsədilə 5 000 000 manat, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 %-i məbləğində maliyyə yardımının ödənilməsi məqsədilə 2 000 000 manat vəsait nəzərdə tutulur.
Bütövlükdə 2026-cı ilin dövlət xərclərindən (bütün xərc bölmələri üzrə) işğaldan azad edilmiş ərazilərin bərpası, yenidənqurması və digər tədbirlər üzrə cəm olaraq 3 548 900 000 manat məbləğində vəsait yönəldiləcək.Birinci Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 34500 mənzil və fərdi yaşayış evi inşa ediləcəkdir. 197 məktəbəqədər və ümumi təhsil müəssisəsinin, 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur. Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması və bu sahədə məşğulluğun artırılması "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 26 avtomobil yolu layihəsi başa çatdırılacaq. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi Proqramın fəaliyyət istiqamətlərindən biridir. Hazırda azad edilmiş ərazilərdə Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda "Dost Aqropark" və s. müəssisələr fəaliyyət göstərir. Proqram çərçivəsində ərazidə olimpiya İdman Komplekslərinin və Gənclər Evlərinin inşası da nəzərdə tutulub. Ərazilərdəki yaşayış məntəqələrində "ASAN Xidmət" və "DOST" mərkəzləri yaradılacaqdır. Ümumilikdə 49 Ailə Sağlamlıq Mərkəzi və 39 tibb məntəqəsi tikiləcək. İşğaldan azad edilmiş ərazilərə mərhələli formada ümumilikdə 34500 ailənin köçürülməsi nəzərdə tutulur.2026-cı ilin sonuna qədər "Böyük Qayıdış" proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Bütövlükdə "Böyük Qayıdış" proqramının birinci mərhələsində bütün azad olunmuş şəhərlərdə daxil olmaqla, 100 yaşayış məntəqəsinin yenidən qurulması və məskunlaşdırılması nəzərdə tutulur. "Böyük Qayıdış" proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək. Bu müddətdə bütün işlər tamamlanacaq və insanlar bütövlükdə öz yurdlarında yerləşəcəklər.
İ.ƏLİYEV