AzMİU dünyanın ən yaxşı 1000 universiteti sırasında yer alıb

18 İyun 2026 11:01 (UTC+04:00)

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) növbəti dəfə beynəlxalq akademik məkanın ən nüfuzlu qiymətləndirmə sistemlərindən biri olan QS World University Rankings 2027 reytinqində uğura imza atıb.

Universitetdən SİA-ya bildirilib ki, son illər həyata keçirilən məqsədyönlü islahatların, beynəlxalq əməkdaşlıq siyasətinin, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinin, tədris keyfiyyətinin yüksəldilməsinin və universitetin qlobal akademik inteqrasiyasının real nəticəsi olaraq, AzMİU dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında yer alaraq 951–1000-ci pillələr qrupunda qərarlaşıb və bununla da qlobal akademik rəqabətdə mövqeyini daha da gücləndirib.

“QS World University Rankings 2027” qiymətləndirməsində dünyanın 106 ölkəsindən 8808 universitet təhlil olunub. Onlardan yalnız 1504 ali təhsil müəssisəsi yekun reytinq cədvəlinə daxil edilib. Bu il reytinqə 98 yeni universitet əlavə olunub ki, bu universitetlərdən biri də AzMİU-dur. AzMİU-nun dünyanın ilk 1000 universiteti sırasında yer alması universitetin beynəlxalq səviyyədə tanınan və rəqabətədavamlı ali təhsil müəssisəsinə çevrildiyini təsdiqləyir.

QS-in açıqladığı nəticələr göstərir ki, AzMİU müəllim-tələbə nisbəti göstəricisi 411, işəgötürən nüfuzu göstəricisi 453, akademik nüfuz göstəricisi üzrə isə 567-ci pillədə qərarlaşan bir sıra strateji göstəricilərlə dünya universitetlərinin nəticələrini üstələyb.

Son illər AzMİU-da həyata keçirilən islahatlar universitetin beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb. İkili diplom proqramlarının genişləndirilməsi, xarici universitetlərlə tərəfdaşlıqların artırılması, beynəlxalq akkreditasiyaların əldə olunması, elmi nəşrlərin sayının artması və qlobal layihələrdə iştirak universitetin inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edib. Xüsusilə memarlıq, şəhərsalma, inşaat mühəndisliyi, nəqliyyat, informasiya texnologiyaları və digər mühəndislik istiqamətlərində aparılan elmi tədqiqatlar AzMİU-nun beynəlxalq elmi məkanla inteqrasiyasını gücləndirib.

QS 2027 nəticələri bir daha göstərir ki, AzMİU təkcə ölkənin deyil, regionun mühəndislik və memarlıq təhsili üzrə aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetin dünyanın ən yaxşı ilk 1000 universiteti sırasında yer alması Azərbaycan ali təhsilinin beynəlxalq nüfuzunun yüksəlməsinin, ölkədə aparılan təhsil islahatlarının və AzMİU kollektivinin uzunmüddətli əməyinin mühüm nəticəsidir ki, bu da gələcəkdə universitetin beynəlxalq reytinqlərdə mövqeyini daha da yaxşılaşdıraraq, qlobal akademik məkanda daha güclü təmsil olunmaq istiqamətində fəaliyyətini daha da inkişaf etdirməsinə zəmin yaradacaq.