Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi planlaşdırılır.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Yeni yol Abşeronun şimal-qərb hissəsini Bakı şəhərinin müxtəlif istiqamətləri ilə birbaşa birləşdirəcək və Heydər Əliyev prospektinə qədər uzanacaq. Bəs, bu hansı dəyişikliklərə səbəb olacaq? Ümumilikdə bu yeni yol layihəsi tıxacların azalmasına səbəb ola bilərmi?
Məsələ ilə nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, bütün bu yollar hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir və bu amili ön plana çıxarır:
“Bu konsepsiya çərçivəsində yanaşmamız belə olmalıdır ki, nəqliyyatın idarə edilməsi, hərəkət axınının tənzimlənməsi və yol infrastrukturunun funksionallığının artırılması birbaşa olaraq hərəkət təhlükəsizliyinin yüksəldilməsinə xidmət etsin.
Əslində, bu da özlüyündə nəqliyyat vasitələrinin hərəkəti üçün əsaslandırılmış səbəb və əlverişli şərait yaradır. Eyni zamanda, nəqliyyat vasitələrinin rentabelliyinin artırılmasına da müsbət təsir göstərir. Yəni bütün bu amillər qarşılıqlı şəkildə bir-biri ilə əlaqələndirilməlidir.
Nəqliyyat vasitələrinin təyinatı və onların hərəkət rentabelliyinin artırılması baxımından iri infrastruktur layihələri mühüm rol oynayır və bu istiqamətdə zəruri təminatı yaradır.
Məsələnin əsas mahiyyətlərindən biri də nəqliyyat vasitələrinə yanaşma mexanizminin düzgün formalaşdırılması və bu sahədə baxışlarımızın ortaya qoyulmasıdır. Bu halda gələcək addımların necə atılacağını daha dəqiq müəyyənləşdirmək mümkündür.
Bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkət rentabelliyinin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Bir sözlə, nəqliyyatda axının idarə edilməsi avtomobil yollarının inşası, layihələndirilməsi və əlaqələndirilməsi ilə birbaşa bağlıdır. Bu amillər olmadan hərəkət axınının səmərəli və davamlı şəkildə təmin edilməsindən danışmaq mümkün deyil”.