“Azərbaycanla sülh münasibətlərinin qurulması Ermənistanın gələcək inkişafı üçün vacibdir” - ZİYAFƏT ƏSGƏROV

17 İyun 2026 15:42 (UTC+04:00)

“İlk öncə xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik edirəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, bu gün biz həm də Şuşa Bəyannaməsinin imzalanmasının ildönümünü qeyd edirik. Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də imzalanıb və bu tarix xüsusi simvolik məna daşıyır. Belə ki, həmin gün Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkəmizin tarixində yeni bir mərhələnin əsası qoyulub”.
Bu sözləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov İyunun 15-də - Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçrilən beynəlxalq konfransda SİA -ya açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, bu konfrans həqiqətən çox böyük əhəmiyyət daşıyır:

”Beynəlxalq səviyyəli bir konfransdır və artıq beşinci dəfədir ki, keçirilir. Biz də hər il bu konfransda iştirak edirik. Konfransın mövzusu – “Qlobal təhlükəsizliyə Cənubi Qafqazda sülh prosesinin verdiyi töhfə” – son dərəcə aktualdır. Həqiqətən də Azərbaycanın sülh modeli qlobal təhlükəsizlik baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Müharibədə qalib gəlmiş ölkə kimi sülh təşəbbüsü ilə çıxış etməyimiz mühüm addım idi. Doğrudur, Ermənistan uzun müddət bu proseslə bağlı müxtəlif manipulyasiyalar etdi və sülh danışıqlarına qoşulmaq istəmirdi. Lakin zaman keçdikcə onlar başa düşdülər ki, Azərbaycanla sülh münasibətlərinin qurulması Ermənistanın gələcək inkişafı üçün vacibdir.

Nəticədə sülh prosesinə qoşuldular və bu istiqamətdə müəyyən irəliləyişlər əldə olundu. Bu gün biz gözləyirik ki, əldə olunmuş razılaşmalar tam şəkildə hüquqi qüvvə qazansın. İnanıram ki, bu proses uğurla başa çatacaq, çünki regionda davamlı sülhün alternativi yoxdur.

Eyni zamanda Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqələrinin bərpası, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi qarşıda duran əsas məsələlərdən biridir. Digər mühüm məsələ isə Ermənistan Konstitusiyasında dəyişikliklərin aparılmasıdır. Ermənistanın müstəqillik sənədlərində və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu sülh prosesinə maneə yaradan amillərdəndir. Əgər iki ölkə arasında sülh müqaviləsi imzalanırsa, həmin sənədlərdə ərazi iddialarının qalması məntiqə uyğun deyil.

Bütün bunlar göstərir ki, bugünkü konfransın mövzusu çox düzgün seçilib. Azərbaycanın sülh modeli artıq digər dövlətlər üçün də nümunə kimi qiymətləndirilir. Konfransda müxtəlif ölkələrdən olan deputatlar, siyasətçilər, ekspertlər və partiya nümayəndələri çıxış etdilər. Onların bir çoxu öz ölkələrində də müxtəlif ərazi və siyasi problemlərin olduğunu qeyd edərək Azərbaycanın təcrübəsinə maraq göstərdilər.

Məhz Şuşada keçirilən bu beynəlxalq konfrans Azərbaycanın artan nüfuzunun göstəricisidir. Azərbaycan bu gün bir çox sahələrdə nümunə göstərilən ölkələrdən biridir. Xüsusilə logistika, nəqliyyat və regional əməkdaşlıq sahələrində ölkəmizin rolu getdikcə artır. Çıxış edənlərin əksəriyyəti Azərbaycanı uğurlu model kimi təqdim etdilər və bu uğurun necə əldə olunması ilə maraqlandılar.

Doğrudan da bu konfrans çox qürurverici və möhtəşəm bir tədbirdir. Onun məhz Şuşada keçirilməsi də xüsusi simvolik məna daşıyır. Şuşa Bəyannaməsi, regionda sülhün təşviqi istiqamətində atılan addımlar və gələcəkdə imzalanacaq sülh sazişləri digər problemli bölgələr üçün də nümunə ola bilər.

Əminəm ki, bundan sonra da belə konfranslar davam edəcək. Azərbaycan artıq təkcə Şuşa və Bakı deyil, bütün bölgələri ilə beynəlxalq tədbirlərin, mühüm müzakirələrin və qlobal dialoqun keçirildiyi nüfuzlu platformaya çevrilib”.