“Səhralaşma müasir dünyanın qarşısında duran ən ciddi ekoloji problemlərdən biri olaraq qalmaqdadır. Son onilliklərdə iqlim dəyişikliklərinin təsiri nəticəsində dünyanın bir çox regionlarında yağıntıların miqdarı əhəmiyyətli dərəcədə azalmağa başlamışdır. Bu proses xüsusilə Mərkəzi Asiya, Afrika qitəsinin Sahara ətrafı bölgələri, eləcə də Avropanın daxili hissələrində daha qabarıq şəkildə müşahidə olunur”.
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Rövşən Abbasov bildirib.
Onun sözlərinə görə, atmosfer yağıntılarının azalması uzunmüddətli quraqlıqlara səbəb olur. Nəticədə torpaqlar öz münbitliyini itirir, bitki örtüyü zəifləyir, su ehtiyatları tükənir və ərazilərdə səhralaşma prosesi sürətlənir:
”Səhralaşma təkcə ekoloji problem deyil, həm də ciddi sosial və iqtisadi nəticələr doğuran bir hadisədir.
Su çatışmazlığı və torpaqların deqradasiyası kənd təsərrüfatı məhsullarının istehsalını azaldır, otlaq sahələrinin keyfiyyətini aşağı salır və insanların ənənəvi gəlir mənbələrinin zəifləməsinə səbəb olur. Bunun nəticəsində kənd əhalisinin həyat şəraiti çətinləşir, yoxsulluq artır və insanlar yeni yaşayış və iş imkanları axtarmağa məcbur qalırlar. Beləliklə, səhralaşma kütləvi miqrasiyalara yol açır və insanlar kənd yerlərindən şəhərlərə üz tuturlar.
Lakin şəhərlərə köç problemi həll etmir, əksinə yeni sosial və iqtisadi çətinliklər yaradır. Şəhərlərdə əhalinin sürətli artımı mənzil, məşğulluq, nəqliyyat və sosial xidmətlər üzərində əlavə təzyiq formalaşdırır. Buna görə də səhralaşmanı yalnız kənd təsərrüfatı və ya regionlarla bağlı problem kimi deyil, eyni zamanda urbanizasiya və şəhər inkişafı ilə bağlı məsələ kimi də qiymətləndirmək lazımdır.
Hazırda bir çox ölkələr səhralaşma ilə mübarizəni milli adaptasiya və iqlim strategiyalarının əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu sahədə ən vacib tədbirlərdən biri iqlim dəyişikliklərinin təsirinin azaldılması, yəni mitiqasiya tədbirlərinin həyata keçirilməsidir. Eyni zamanda su ehtiyatlarının səmərəli idarə olunması, müasir suvarma texnologiyalarının tətbiqi, torpaqların qorunması, meşələrin bərpası və ekosistemlərin mühafizəsi səhralaşmanın qarşısının alınmasında mühüm rol oynayır.
Tarix göstərir ki, səhralaşma və quraqlıq bəşəriyyət üçün yeni problem deyil. Alimlər müasir quraqlıq dövrünü bəzən təxminən 4200 il əvvəl baş vermiş və “Meqalay quraqlığı” kimi tanınan böyük iqlim hadisəsi ilə müqayisə edirlər. Həmin dövrdə dünyanın müxtəlif bölgələrində, o cümlədən Mesopotamiya və Kür-Araz ovalığında uzunmüddətli quraqlıq baş vermiş, kənd təsərrüfatı zəifləmiş və insanların kütləvi köçləri müşahidə olunmuşdur.
Bu tarixi təcrübələr göstərir ki, iqlim dəyişikliklərinə vaxtında və düzgün reaksiya vermək son dərəcə vacibdir. Ona görə də səhralaşma ilə mübarizə yalnız ekoloji məsələ deyil, həm də sosial rifahın, iqtisadi sabitliyin və gələcək nəsillərin təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Mövcud təcrübələrdən və elmi nailiyyətlərdən istifadə etməklə səhralaşmanın təsirlərini azaltmaq və onunla daha effektiv mübarizə aparmaq mümkündür”.