“Rusiya-Ukrayna müharibəsində hazırda tərəflər arasında intensiv döyüşlər və qarşılıqlı uzaqmənzilli zərbələr davam edir”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, son həftələrdə diplomatik təmaslar və vasitəçilik cəhdləri gündəmdə olsa da, nə Moskva, nə də Kiyev əsas tələblərindən geri çəkilməyə hazır görünür: "Beynəlxalq aktorlar, xüsusilə G7 ölkələri Ukraynaya dəstəyi davam etdirəcəklərini və Rusiyaya qarşı təzyiqləri artıracaqlarını bəyan ediblər.
Müharibənin yaxın zamanda tam yekunlaşacağını söyləmək çətindir. Hazırkı mərhələdə tərəflərin mövqeləri arasında ciddi fikir ayrılığı qalır və hər iki tərəf döyüş meydanında üstünlük əldə etməyə çalışır. Bir sıra ekspertlər yaxın perspektivdə genişmiqyaslı sülh sazişindən daha çox, məhdud atəşkəs və ya danışıqların intensivləşməsi ehtimalını önə çəkirlər. Buna görə də münaqişənin qısa müddətdə başa çatacağı ilə bağlı qəti proqnoz vermək üçün kifayət qədər əsas yoxdur; daha real ssenari qarşıdurmanın müəyyən fasilələrlə davam etməsidir".
Lətifə Abdıyeva