Azərbaycan məktəbliləri beynəlxalq fizika olimpiadasında uğurla çıxış ediblər

17 İyun 2026 13:04 (UTC+04:00)

İsveçdə keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO) Azərbaycan məktəbliləri uğurlu nəticələr əldə ediblər.

Təhsil İnstitutundan SİA-ya bildirilib ki, yarışda ölkəmizi təmsil edən beş iştirakçıdan dördü bürünc medal qazanıb.

Bürünc medalçılar sırasında Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi Bəxtiyar Ağayev, Bakı şəhər Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Məhəmməd Cəfərli, Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Murad Xəlil və Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Raiq Babazadə yer alıblar.

Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin 11-ci sinif şagirdi Zeynəb Məhəmmədli isə yarışda fəal iştirakı ilə yadda qalıb.

Qeyd edək ki, 2018-ci ildən keçirilən və bu il 41 ölkədən 200 şagirdin qatıldığı Avropa Fizika Olimpiadası qitənin ən nüfuzlu fizika müsabiqələrindən biri hesab olunur.