“Azərbaycan ABŞ-İran gərginliyində dialoq və diplomatiyanı üstün tutur” - ŞƏRH EDİLDİ

17 İyun 2026 12:56 (UTC+04:00)

"Azərbaycan hər zaman beynəlxalq problemlərin sülh yolu ilə həllinin tərəfdarı olub. Rəsmi Bakı ABŞ ilə İran arasında münasibətlərin gərginlik deyil, dialoq və diplomatiya yolu ilə inkişaf etməsini dəstəkləyir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Azərbaycan müharibələrin ağır nəticələrini yaşamış bir ölkə kimi regionda və dünyada sabitliyin qorunmasını vacib hesab edir:

"İran ətrafında yaranan gərginlik fonunda Azərbaycan balanslı və konstruktiv mövqe nümayiş etdirir. Ölkəmiz həm İran, həm də ABŞ ilə münasibətlərə malik olduğundan dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə üstünlük verir. Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri öz ərazisinin üçüncü dövlətlərə qarşı istifadə edilməsinə imkan verməməkdir. Bu mövqe dəfələrlə ən yüksək səviyyədə bəyan olunub.

Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsini prioritet hesab edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ölkəmiz qonşu dövlətlərlə konstruktiv münasibətlərin inkişafına və sülh mühitinin gücləndirilməsinə çalışır.

Bu baxımdan Azərbaycanın əsas məqsədi bölgədə qarşıdurmaların azalması, dialoqun genişlənməsi və uzunmüddətli sülhün təmin edilməsidir".