“Turnir hələ əsas favoritləri üzə çıxarmayıb” - AÇIQLANDI

17 İyun 2026 12:45 (UTC+04:00)

"Turnirin gedişatı göstərir ki, kifayət qədər maraqlı və gərgin oyunlar izləyirik. Hazırda açıq-aşkar favorit göstərmək çətindir".

Bunu SİA-ya açıqlamasında futbol veteranı, Avropa və dünya çempionu, UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov deyib.

Onun sözlərinə görə, komandalar arasında ciddi mübarizə gedir və müəyyən sürpriz nəticələrin şahidi oluruq. Məsələn, İspaniyanın gözlənilməz xal itkisi və Braziliyanın rəqibi qarşısında çətinliklə üzləşməsi bunu bir daha təsdiqləyir:

"Bütün bunlar onu göstərir ki, qarşıdakı mərhələlərdə də sürprizlər davam edə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, bunlar qrup mərhələsinin ilk oyunlarıdır və müəyyən mənada belə nəticələr gözlənilən idi. Növbəti qarşılaşmalarda komandaların əsl gücü daha aydın görünəcək, favoritlər isə öz sözlərini deməyə başlayacaqlar.

Hələ bəzi güclü komandaların çıxışlarını tam izləməmişik. Onların oyunlarından sonra turnirin əsas favoritləri barədə daha dəqiq fikir formalaşdırmaq mümkün olacaq. Hazırda isə çox maraqlı və rəqabətli bir turnir izləyirik.

Diqqət çəkən məqamlardan biri də odur ki, ilk dəfə iştirak edən bəzi komandalar yüksək nizam-intizam və taktiki hazırlıq nümayiş etdirirlər. Ümumilikdə, bu turnirdə fərdi ustalıqdan daha çox taktiki mübarizə ön plana çıxır. Bu isə məşqçilərin rolunu artırır və biz meydanda daha çox onların strategiyalarının nəticələrini müşahidə edirik".