"İnsan həyatında müxtəlif situasiyalarda qərar vermək həmişə asan olmur. Bu prosesdə hər kəsin düşüncə tərzi, təcrübəsi və xarakteri mühüm rol oynayır. Çoxsaylı seçimlərlə qarşılaşdıqda bəzi insanlar vəziyyəti tez təhlil edib düzgün qərar verə bilirlər, digərləri isə tərəddüd yaşayırlar".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Onun sözlərinə görə, xüsusilə uşaqlıqdan etibarən qərarları başqaları tərəfindən verilən insanlar müstəqil seçim etməkdə daha çox çətinlik çəkirlər:
"Onlar özlərinə kifayət qədər güvənmədikləri üçün müxtəlif situasiyalarda qərarsız qala bilirlər.
Bununla yanaşı, həyəcan pozuntusu yaşayan şəxslər də qərar verməkdən çəkinirlər. Onlar mümkün nəticələr barədə həddindən artıq düşünərək narahatlıq keçirirlər.
Digər tərəfdən, tənqidi düşünmə bacarığı inkişaf etmiş və özünə inanan insanlar dəyişən şəraitə daha asan uyğunlaşır, qərarlarını daha rahat qəbul edirlər. Həyatda hər kəs müəyyən seçimlər etmək məcburiyyətində qalır və bu seçimlər insanın inkişafında mühüm rol oynayır.
Bəzən insanlar mükəmməl nəticə əldə etmək istədikləri üçün qərar verməyi gecikdirirlər. Bu isə prokrastinasiya, yəni işləri ertələmə probleminə səbəb olur.
Ona görə də qərarvermə bacarığının inkişaf etdirilməsi, özünəinamın artırılması və nəticələrdən həddindən artıq qorxmamaq insanın həm şəxsi, həm də peşəkar həyatında uğur qazanmasına kömək edir".