Müharibələr iqtisadiyyata necə təsir göstərir? - EKSPERT AÇIQLADI

17 İyun 2026 12:14 (UTC+04:00)

"Müharibələr, təbii ki, ölkələrə ciddi mənfi təsir göstərir. Çünki müharibə şəraitində uzunmüddətli planlar qurmaq, ticarət aparmaq və investisiya cəlb etmək çətinləşir".

SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimlinin fikirlərini öyrənib.

O bildirib ki, müharibə qeyri-müəyyənlik yaradır, riskləri artırır və iqtisadi inkişafı ləngidir:

"Əlbəttə, müharibədən qazanc əldə edən şirkətlər də var. Bunlar əsasən silah istehsal edən və satan şirkətlər, eləcə də bəzi hallarda enerji qiymətlərinin yüksəlməsindən faydalanan neft və qaz sektorunda fəaliyyət göstərən şirkətlərdir. Lakin ümumi mənada müharibə investisiya axınına və iqtisadi aktivliyə mənfi təsir göstərir.

Müharibənin enerji qiymətlərinə təsirinə gəldikdə isə, bu, münaqişənin harada baş verməsindən asılıdır. Məsələn, müharibə enerji daşımalarının həyata keçirildiyi strateji ərazilərdə, xüsusilə də Hörmüz boğazı kimi vacib nəqliyyat marşrutlarında baş verərsə, enerji qiymətləri yüksələ bilər. Ancaq münaqişə enerji təchizatı ilə əlaqəsi olmayan bölgələrdə baş verdikdə təsiri daha məhdud olur.

Yəni əsas məsələ müharibənin enerji infrastrukturuna və logistikasına necə təsir göstərməsidir. Müharibənin enerji qiymətləri ilə əlaqəsi də məhz bundan qaynaqlanır.

Ümumilikdə isə müharibə böyük bir faciədir. İnsanların rifahına, sosial vəziyyətinin yaxşılaşmasına və iqtisadi inkişafına sərf olunmalı olan vəsaitlər silahlanmaya yönəlir. Nəticədə insanlar əziyyət çəkir, həyatını itirir və cəmiyyətlər böyük itkilərlə üzləşirlər".