18 yaşını yeni tamamlamış şəxslərin kredit alma şansı nə qədərdir? - AÇIQLANDI

17 İyun 2026 11:30 (UTC+04:00)

Ümumiyyətlə, kredit almaq üçün minimum yaş həddi 18 yaşdır. Yəni şəxs yetkin olmalıdır ki, üzərinə maliyyə məsuliyyəti götürə bilsin. Ancaq təkcə yaşın 18 olması kifayət etmir. Əsas şərtlərdən biri də gəlir mənbəyinin olmasıdır. Çünki banklar kredit müraciətinə baxarkən ilk növbədə şəxsin gəlirlərini araşdırır və onun borcu qaytarmaq imkanını qiymətləndirirlər. Gəliri olmayan bir şəxs üçün kredit əldə etmək xeyli çətin olur.

Bu sözləri SİA-ya bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov deyib.

O bildirib ki, bank olmayan kredit təşkilatlarında tələblər bəzi hallarda daha yumşaq olsa da, yenə də müəyyən təminat tələb olunur. Nəticə etibarilə, kredit verən qurum əmin olmalıdır ki, verilən vəsait geri qaytarılacaq:

“Təbii ki, istisna hallar da mümkündür. Məsələn, 18 yaşını yenicə tamamlamış, lakin artıq müəyyən fəaliyyət sahəsində çalışan gənclər var. İdman, incəsənət və ya digər sahələrdə uğur qazanaraq sabit gəlir əldə edən şəxslər kredit almaq imkanına malik ola bilərlər. Eyni zamanda, yüksək gəlirə sahib olmaq, etibarlı zamin təqdim etmək və ya yaxşı kredit tarixçəsinə malik olmaq da kredit əldə etmək şansını artıran amillərdir. Belə hallarda şəxs həm banklardan, həm də bank olmayan kredit təşkilatlarından kredit götürə bilər”.

Ayşən Vəli