Ən sağlam səhər yeməyi NƏDİR ? - AÇIQLANDI

17 İyun 2026 10:45 (UTC+04:00)

"Sağlam həyat tərzi üçün ideal səhər yeməyi orqanizmi günə hazırlamalı, enerji verməli və uzun müddət toxluq hissi yaratmalıdır. Bunun üçün səhər yeməyi bir neçə əsas qida qrupundan ibarət olmalıdır".

Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, əvvəlcə keyfiyyətli zülal mənbələri vacibdir:

"Yumurta, pendir, qatıq, kefir və ya az yağlı kəsmik əzələ kütləsinin qorunmasına kömək edir, eyni zamanda uzun müddət toxluq hissi yaradır.

İkinci vacib qrup kompleks karbohidratlardır. Yulaf sıyığı, tam taxıllı çörək və digər tam taxıl məhsulları enerjinin tədricən sərbəst buraxılmasını təmin edir. Bu da gün ərzində qan şəkərinin daha stabil qalmasına və enerjinin tez tükənməməsinə kömək edir.

Səhər yeməyində tərəvəz və ya meyvələrin olması da tövsiyə olunur. Pomidor, xiyar, göyərti, alma, armud və digər meyvə-tərəvəzlər vitamin, mineral və lif mənbəyidir. Lif bağırsaqların fəaliyyətini dəstəkləyir və maddələr mübadiləsinin düzgün işləməsinə kömək edir.

Bundan əlavə, sağlam yağlar da unudulmamalıdır. Qoz, badam, fındıq, avokado, az miqdarda zeytun yağı və təbii kərə yağı ürək-damar sağlamlığını dəstəkləyir, eyni zamanda toxluq hissini artırır.

Gün ərzində enerji səviyyəsinin yüksək qalması üçün səhər yeməyində şəkərli içkilərin, şirniyyatların və ağ undan hazırlanmış məhsulların həddindən artıq istifadəsindən çəkinmək məsləhətdir. Bu məhsullar qısa müddətli enerji versə də, sonradan yorğunluq və yenidən aclıq hissi yarada bilər.

Nümunə olaraq ideal səhər yeməyi qaynadılmış və ya omlet şəklində hazırlanmış yumurta, tam taxıllı çörək, tərəvəz salatı, bir porsiya qatıq və bir neçə ədəd qoz-fındıqdan ibarət ola bilər. Belə balanslı səhər yeməyi həm enerji təmin edir, həm də maddələr mübadiləsinin normal fəaliyyətinə dəstək olur".