“Şuşa konfransı qlobal sülh və təhlükəsizliyə töhfədir”

16 İyun 2026 15:44 (UTC+04:00)

“İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfrans beynəlxalq sülh və təhlükəsizliyə töhfədir”.
Bu fikirləri SİA -ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, konfrans iştirakçısı polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, konfransda müasir dünyada təhlükəsizliklə bağlı ortaya çıxan təhdidlər, habelə, müharibə və münaqişələrdən əziyyət çəkən dünyamızda uzunmüddətli və etibarlı sülhün bərqərar olmasının vacibliyi qeyd olunub:

“Hər şeydən öncə qeyd edim ki, YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilən məlum konfrans Azərbaycanın sülh səylərinin bariz nümunəsi, ölkəmizin qlobal təhlükəsizliyin təminində son dərəcədə maraqlı olduğunun real təcəssümüdür. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət, müraciətdə yer alan fikir və çağırışlar sülh və təhlükəsizlik məsələsinin dövlətimiz üçün hər zamankı kimi prioritet olduğunu göstərir.

Şuşa konfransını əhəmiyyətli edən bir sıra mühüm amil var ki, bunlardan biri bütün siyasi qüvvələrin – partiya və təşkilatların, ictimai birliklərin sülh və təhlüksəzilik məsələsində Azərbaycan dövləti ilə həmrəy olması, dövlətimizin bu yöndəki siyasətini qətiyyətlə dəstəkləməsidir. Hansı ki, Şuşa konfransının gedişndə biz buna bir daha şahid olduq.

Şuşa konfransında diqqət çəkən digər bir məqam sülh və təhlükəsizlik məsələsində beynəlxalq səyləri birləşdirməyin, qlobal həmrəylik nümayiş etdirməyin vacibliyi ideyasının yenidən gündəmə gətirilməsidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxış və müsahibələrində sülh və təhlükəsizliyin təmini üçün beynəlxalq miqyasda əməkdaşlığın zəruriliyini vurğulayıb, bunu qlobal sülhü təmin etməyin yeganə etibarlı vasitəsi adlandırıb. Bu baxımdan Şuşa konfransında dövlət başçısının bu çağırışının yenidən gündəmə gəlməsi Azərbaycanın qlobal sülhü təmin etməyin real mexanizminə bələd olduğunu, bunu həyata keçirmək üçün dünya dövlətlərini qlobal əməkdaşlığa səslədiyini göstərir”.

Polkovnik Cəlil Xəlilov konfransda post-müharibə dövründə həyata keçirilən abadlıq və quruculuq işlərinin də geniş şəkildə müzakirə edildiyini vurğulayıb:

“Şuşa konfransı üçün əlamətdar cəhətlərdən biri də “Postmünaqişə dövründə yenidənqurma: Şəhərsalma sahəsində müasir çağırışlar” mövzusunda panel sessiyasının keçirilməsi oldu. Sessiya zamanı Azərbaycanın işğaldan azad edilən ərazilərində Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında gerçəkləşən nəhəng quruculuq işlərindən ətraflı bəhs edildi, mühüm məqamlara, ciddi faktlara toxunuldu. Panel müzakirəsi zamanı edilən çıxışlar, səslənən çağırışlar bir daha göstərdi ki, Azərbaycan postmüharibə dönəmində bütün dünyada böyük heyrət və təqdirlə qarşılanan böyük abadlıq işləri həyata keçirib, yüzlərlə yaşayış məntəqəsinin yenidən qurulmasına nail olub. Buna paralel olaraq, işğaldan azad edilən ərazilərdə bütün infrastruktur və kommunikasiya yenidən qurulub, çoxsaylı parklar, yaşıllıqlar yaradılıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Şuşa konfransı sülh və təhlükəsiziliklə bağlı müasir problemlərin həllinə dəstək verməklə yanaşı, Azərbaycanın postmüharibə dönəmində həyata keçirdiyi geniş quruculuq işlərinin beynəlxalq miqyasda təbliği baxımından da mühüm rol oynadı.

İnanıram ki, Şuşa konfransı qlobal sülh və təhlükəsizliyin təminində yeni mərhələ olacaq, müasir dünyamızda sülhün təntənəsinə töhfə verəcək”.