"Azərbaycanda dövlət tərəfindən mediaya diqqət və qayğı hər zaman yüksək səviyyədə olub. İstər Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə, istərsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentliyi illərində jurnalistlərə və media sahəsinə xüsusi diqqət göstərilib".
Bunu SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.

Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin “Jurnalistlər mənim köməkçilərimdir” ifadəsi Azərbaycan mediasına verilən dəyərin və etimadın ən bariz nümunələrindən biridir:
"Bu yanaşma media nümayəndələrinin cəmiyyət və dövlət həyatındakı roluna verilən yüksək qiymətin göstəricisidir. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası informasiya cəbhəsində ön sıralarda yer aldı. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dezinformasiyaya qarşı mübarizə və operativ informasiya təminatı sahəsində jurnalistlərimiz mühüm fəaliyyət göstərdilər. Dövlətimiz də bu fəaliyyəti hər zaman yüksək qiymətləndirdi.
Vətən müharibəsindən sonra digər sahələrdə olduğu kimi, media sektorunda da mühüm islahatlar həyata keçirildi. Medianın İnkişafı Agentliyinin yaradılması, media reyestrinin formalaşdırılması, media subyektlərinin fəaliyyətinin tənzimlənməsi və peşəkarlığın artırılmasına yönəlmiş layihələr dövlətin bu sahədə şəffaflıq və inkişaf siyasətinin göstəricisidir.
Bu islahatlar nəticəsində uzun illər müzakirə olunan “Kim jurnalistdir?” sualına daha aydın cavab verildi. Media reyestrinin yaradılması, media subyektləri üçün peşə standartlarının müəyyənləşdirilməsi və məsuliyyət mexanizmlərinin tətbiqi sahədə keyfiyyətin yüksəlməsinə xidmət etdi. Eyni zamanda, əvvəlki dövrlərdə geniş yayılmış sadə məlumatların köçürülməsi üzərində qurulan fəaliyyət tədricən öz yerini daha peşəkar və orijinal jurnalistikaya verməyə başladı.
Bu gün Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən layihələr, xarici ekspertlərin iştirakı ilə təşkil olunan təlimlər, gənc jurnalistlərin peşəkar inkişaf proqramlarına cəlb edilməsi və media savadlılığının artırılması istiqamətində görülən işlər dövlətin mediaya göstərdiyi diqqət və qayğının davamlı xarakter daşıdığını göstərir.
Hesab edirəm ki, qarşıdakı dövrdə Azərbaycan jurnalistlərinin üzərinə düşən əsas vəzifələrdən biri beynəlxalq media ilə əməkdaşlığın genişləndirilməsi, dezinformasiya və saxta xəbərlərə qarşı mübarizənin gücləndirilməsi, media savadlılığının artırılması və peşəkar jurnalistikanın inkişaf etdirilməsidir.
Media qurumları və jurnalistlər bu istiqamətdə fəaliyyətlərini davam etdirməli, dövlətin media siyasətinə öz töhfələrini verməli və cəmiyyətə obyektiv, dəqiq və operativ informasiya çatdırmaq missiyasını uğurla yerinə yetirməlidirlər. Məhz bu yanaşma Azərbaycan mediasının gələcək inkişafının əsas təminatlarından biri olacaqdır".